Taybeydə keçirilən Computex adlı sərgidə Asus şirkəti yeni Zenbook Flip S və Zenbook 3 Deluxe noutbuklarını, eləcə də yenilənmiş Zenbook Pro leptopunu təqdim edib. Cihazların hamısı Windows 10 əməliyyat sistemi ilə işləyir. Çevrilə bilən Zenbook Flip S özündə 13,3 düymlük 4K genişliyində sensor ekranı birləşdirir. Onun çəkisi 1,1 kq, qalınlığı isə 10,9 mm-dir. Belədə analoji leptopu 360 dərəcə çevrilən bilən noutbuklar arasında “ən nazik noutbuk” adlandırmaq olar. Aparat seçimə görə Intel Core i5-7200U və ya i7-7500U prosessorları, 1 Tb-dək həcmi olan SSD-daşıyıcı ilə təchiz olunur. Avtonom rejimdə işləmək müddəti isə 11,5 saata bərabərdir. Zenbook Flip S həm də ventilyatorlu yeni sərinləşdirici sistem və barmaq izlərini tanıyan skaner əldə edib. Zenbook Flip S yaxın aylarda bazarda peyda olacaq. Qiymətlər isə 1099 dollardan başlayır. Zenbook 3 Deluxe leptopuna gəldikdə, o, Zenbook 3 noutbukunun böyüdülmüş versiyasıdır. Alüminium korpus, qıraqları nazik olan 14 düymlük FullHD ekran, yeni nəsil Intel Core i5-7200U ya da i7-7500U prosessorları, 16 Qb operativ yaddaş və 1 terabaytadək SSD-daşıyıcı qazanıb. 1.1 kiloqramlıq daşınan kompüterin qalınlığı 12,9 millimetrdir. Bu da 14 düymlüklər arasında nazik göstəricidir. Yeniliyin özəlliklərindən barmaq izlərini tanıyan skaneri və avtonom rejimdə 9 saat işləməyə imkan verən batareyanı qeyd etmək lazımdır. Bu noutbukun qiyməti 1199 dollardır. Nəhayət, Zenbook Pro noutbuku. Bu cihaz 15,6 düymlük seçimə görə FullHD ya da 4K UltraHD ekrana, ən son Intel Core i5 və ya H seriyalı i7 prosessora, NVIDIA GeForce 1050Ti ya da 1050, 8 Qb-dan 16 qeqabaytadək operativ yaddaş və 1 terabaytadək SSD-daşıyıcıya sahibdir. Zenbook Pro-nun avtonom rejiminin iş vaxtı 14 saat təşkil edir. Çəkisi 1,8 kq, qalınlığı isə 18,9 mm-dir. Zenbook Pro-nun 4 səsgücləndiricisi və digərləri kimi barmaq izlərini tanıyan sensoru da var. Bu leptopu əldə etmək üçün ən azı 1299 dollar ödənilməlidir.
Cavanşir Məmmədzadə
- Baxış: 488