• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1266
— 01.06.2017 23:24

Yol qəzaları ölüm və xəsarətlə nəticələndi

KepezTV Player

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Qaxın Dəymədağlı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub. Zaqatalanın Yuxarı Tala kənd sakini, 33 yaşlı Bəhruz Ramazanov “VAZ 2109” markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə maşın yolun kənarındakı ağaca çırpılıb. Qəzadan sonra avtomobilin ön hissəsi alışıb. Sürücü Bəhruz Ramazanov və avtomobildə olan sərnişin, sürücünün həmkəndlisi 32 yaşlı Ruslan Muradov aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində ölüblər. Digər sərnişinlər, 29 yaşlı Həsrət Kərimov və 40 yaşlı İlqar Əhmədov isə Qax Mərkəzi Rayon Xəstəxanasına aparılıblar. Yaralılar xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Zaqatalada isə 8 yaşlı məktəbli yol qəzasında dünyasını dəyişib. Hadisə şəhərin Heydər Əliyev prospektində, Nizami Hüseynov adına 2 saylı orta məktəbin qarşısında qeydə alınıb. Zaqatala sakini, 38 yaşlı Rəşad Zakirov "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən, yolu keçmək istəyən ikinci sinif şagirdi, Aşağı Tala kənd sakini İsmayıl Şirdanovu vurub. Hadisəni törədən şəxs uşağı xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Lənkəranda yol qəzası gəncin ölümü ilə nəticələnib. Hadisə Ələt-Astara magistral yolunun rayonun Gərmətük qəsəbəsindən keçən hissəsində qeydə alınıb. "Volkswagen" markalı avtomobili idarə edən Kamran Hüseynov velosipedlə hərəkət edən Zamin Xəlilovu vurub. Sürücü yaralını dərhal Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Zamin Xəlilovun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Faktlarla bağlı araşdırmalar aparılır.

Zülfiyyə Telmanqızı