Gəncəli peşəkar boksçu Ramal Amanov sabah növbəti döyüşünü keçirəcək. Amanov Moskvada rinqə çıxacaq.
Bir müddətdir ki, Rusiyada yaşayıb məşq edən dəri əlcək ustasının rəqibi Vitaliy Çarkin olacaq. Ukraynalı boksçuyla görüş Ramalın peşəkar karyerasında 10-cu döyüşü olacaq. Gəncə boks məktəbinin yetirməsi bu vaxta kimi keçirdiyi döyüşlərin hamısında qələbə qazanıb.
Vitaliy Çarkinlə duel kəmər olmasa da, reytinq xarakterlidir. Görüş öncəsi boksçumuzun şansları yüksək qiymətləndirilir. Elə Amanov özü də karyerasında ilk dəfə nokautla qalib gəlməyə köklənib.
Son döyüşünü 2015-ci ilin avqustunda keçirən Ramal uzun müddət rinqdə görünməyib. Boksçu özündən asılı olmayan səbəblər üzündən 1 il 9 ay yalnız məşq etməklə kifayətlənib.
Amanov WBA versiyaları üzrə “Fedelatin” və “İnterneyşnl” çempion kəmərlərinin sahibidir. Əvvəllər mübarizə apardığı 63,5 kq çəki dərəcəsi üzrə ən yaxşı 15 boksçu arasında yer alan Ramal 2013-cü ildən sevimli idman növü ilə peşəkar səviyyədə məşğul olur. 33 yaşlı dəri əlcək ustası daha öncə həvəskar boksda döyüşüb və ən böyük uğuruna 2005-ci ildə dünya çempionatının gümüş medalını qazanmaqla nail olub.
Azad Rəfi
- Baxış: 442