• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1129
— 26.05.2017 15:45

Gəncədə dəmiryolçular üçün təlim keçirilib

KepezTV Player

Gəncə dəmir yolu stansiyasının ərazisində yanğın baş verib. Yanğın zamanı sərnişin vaqonu və ətraf ərazilər alova qərq olub. Eləcə də bir neçə vaqon relsdən çıxaraq aşıb. Bütün bu deyilənlər şərti xarakter daşıyan mülki müdafiə təlimi zamanı qeydə alınıb. Gəncədə bu yolla dəmir yolçuların bilik və bacarıqları yoxlanılıb.

Gəncə dəmir yolu stansiyası ərazisində keçirilən kompleks təlim həyəcan siqnalının verilməsi ilə başlayıb. Şərti olaraq səhər saatlarında baş verən  yanğın zamanı bir sərnişin vaqonu yanıb və iki yük vaqonu relsdən çıxaraq aşıb, xəsarət alanlar var. Dirəklərin yıxılması nəticəsində elektrik naqilindən düşən qığılcımdan ətraf ərazilərdə yanğın da baş verib.

Təlim rəhbərinin müvafiq göstərişinə əsasən yanğın baş verən ərazi dərhal nəzarətə götürülüb, kəşfiyyat aparılıb, müvəqqəti rabitə bərpa edilib, yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil olub, mövcud vasitələrlə yanğın ocaqları söndürülub, yaralılara ilkin tibbi yardım göstərilib və onlar xərəklə tibb məntəqəsinə aparılıblar.

Alov tamamilə ram edildikdən sonra hadisə yerində bərpa işlərinə başlanılıb. Təlimdən sonra keçirilən müşavirədə çıxış edən mütəxəssislər stansiyada Mülki Müdafiə qüvvələrinin hazırlıq vəziyyətini qənaətbəxş  kimi qiymətləndirilib.

Zaur Kərimov- Gəncə Dəmir Yolu Stansiyasının rəisi: “Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Gəncə Dəmir Yolu Qovşağında kompleks təlim-məşq toplantısı keçirildi. Təlimdə Gəncə qovşağının obyekt rəhbərləri qovşaqda Fövqəladə Hallar Komissiyasının üzvləri Mülki Müdafiə Qüvvələrinin komandir rəis heyəti və hərbiləşdirilmiş mülki müdafiə qüvvələri iştirak edirdi. Təlim uğurla başa çatdı. Verilən tapşırıqlar layiqincə yerinə yetirildi”. 

"Azərbaycan Dəmir Yolları" QSC-nin mülki müdafiə tədbirlər planına əsasən bu cür təlimlər hər 5 ildən bir təşkil olunur. 

 

Natiq Hüseyn