Bakıda marşrut avtobuslarında sərnişinlərin qənimi olan şəxs saxlanılıb. Araşdırmalarla onun keçmiş məhkum olduğu müəyyənləşdirilib, ikinci qəbahətinin də üstü açılıb. Həmin şəxsin üzərindən narkotik tapılıb.Bir neçə gün əvvəl paytaxtın Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində hərəkətdə olan 107 saylı xətt avtobusunda sərnişin Sultan Tağıyev cibindən pulunun çıxarılmasından duyuq düşür. Yaranmış sıxlıqdan istifadə edən şəxs onun cibindən 587 manatını oğurlayıb, lakin səs-küy yarandığından həmin pulu yerə atmağa məcbur olub. Digər sərnişinlərin köməyi ilə cibgir avtobusdan düşürülərək dayanacağın yaxınlığındakı Əlahiddə Çevik Polis Alayının əməkdaşlarına təhvil verilib. Şübhəli şəxs qismində Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinə gətirilən şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Fəxrəddin Məlikov olduğu müəyyən edilib. Onun üzərinə baxış zamanı 0,766 qram heroin də aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.
Zülfiyyə Telmanqızı
- Baxış: 598