“Hər kəs fərqli – hər kəs eyni” adlı Beynəlxalq layihədə iştirakçı olan əməkdaşımız Gülnar Fazilqızı Türkiyənin Gaziantep şəhərində olub. Boş vaxtlarında şəhəri gəzmək imkanı əldə edən Gülnar, mobil telefonunun yaddaşına maraqlı görüntülər həkk edib. İndi həmin görüntüləri və əməkdaşımızın şəhərlə bağlı ilkin təəssüratını gətiririk ekranlarınıza.
Qazilər şəhəri adlandırılan Antep... Burada ilk gördüyüm, əslində fərqli olsalar belə ilk baxışdan biri-birinə bənzəyən köhnə evlər, dar küçələr və minarələr oldu... Xeyli sayda minarə... Bəli, burada çoxlu məscid var. Tək minarəli məscidlər. Qaldığım otelin pəncərəsindən 7 minarə saymışdım, məsələn... Günün müəyyən saatlarında demək olar ki, hər küçədən azan səsi yüksəlir...
Suriya ilə sərhəd olan bir şəhərdəyəm... Mən yox, qarşılaşdığım mənzərə bunu deyirdi...
Lakin sonra yerli sakinlərlə söhbət edərkən məlum oldu ki, mənim gördüyüm əslində şəhərin köhnə tərəfidir. Gaziantepin bir də modern hesab edilən yeni, ikinci hissəsi var...
Yeni hissə ilə ilk tanışlığım gecə saatlarına təsadüf etdi... İşıqlı küçələr, asfaltlı yollar, hündür binalar, muzeylər, parklar və ticarət mərkəzləri... Saat 10-u keçməsinə baxmayaraq, avtobuslar da işləyir, şəhərin mərkəzi küçələrindən birini iki hissəyə ayıran tramvay da... Türkiyənin 5-ci sənaye şəhəri olan Gaziantep, əhalisinin sayına görə ölkədə 8-cı sırada dayanır. Axşam saatlarında nisbətən sakit olan şəhərdə gündüz həyat sözün əsl mənasında qaynayır. Xüsusi ilə də “çarşı”da... Burda bir məqama diqqət çəkim, əgər şəhərdə gəzirsinizsə, ehtiyatlı olun. İstənilən an, üzərinizə hardan gəldiyi məlum olmayan motosiklet sürülə bilər. Xüsusi ilə də ara küçələrdə...
Diqqətimi çəkən başqa bir məsələ də burada günəş enerjisindən istifadə edilməsi oldu. Bunu binaların üzərində quraşdırılan su qızdırıcıları deməyə əsas verir.
Təbii ki, şəhərlə, daha dəqiq yeni hissə ilə tanışlıqdan sonra məndə yaranan ilk təəssürat dəyişdi. Lakin bu, Antepin köhnə məhəllələrində gördüyüm mənzərələri unuda biləcəm demək deyil... Gaziantepdə olduğum müddətdə “Zeugma Mozaik Müzeyi”, “Gaziantep Genclik Merkezi” və “Emine Göğüş Mutfak Müzeyi” nə baş çəkmək imkanım oldu... lakin bunlar daha sonra...
İşgüzar Gülnar...
- Baxış: 1547