“Kəpəz”in 12 yaşlılardan ibarət komandasının üzvü Sadiq Şəfiyev mövsümün yekunlarına əsasən fərqlənənlər sırasında olub. Gəncəli futbolçu Azərbaycan birinciliyinin ən məhsuldar oyunçusu, bombardiri kimi həmyaşıdlarından seçilib.
Hücumçu mövqeyində vurduğu qollarla özünü lazımınca doğruldan Şəfiyev 51 qola imza atıb. O, 22 oyunda rəqib qapılarından bu qədər top keçirib. Sadiq keçən il də AFFA-nın bayrağı altından keçirilən ölkə birinciliyinin ən sərrast oyunçusu adını qazanmışdı. Ötən çempionat daha məhsuldar mövsüm keçirən futbolçu 60 dəfə fərqlənməklə yanaşı, komandasının çempion olmasına töhfə vermişdi. Həmin vaxt yeniyetmə oyunçu yerli assosiasiya tərəfindən Fransa-2016-ya səyahət və Avropa çempionatının final oyununu stadiondan canlı izləməklə mükafatlandırılıb.
Sadiq Şəfiyev- U-12 liqasının bombardiri: “Mən çox sevinirəm ki, liqada öz həmyaşıdlarım arasında ən çox qol vuran olmuşam. Uğurumu gələn il də davam etdirmək istəyirəm. Mənim ən böyük arzum böyüyəndə “Kəpəz”in heyətində oynayıb bombardir olmaqdır”.
6-7 yaşlarından futbolla məşğul olan Şəfiyev indidən çıxışı ilə digər klubların diqqətini çəkib. Ölkənin ən iddialı komandaları onu heyətində görmək istəyir.
Azad Rəfi
- Baxış: 345