• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1130
— 24.05.2017 16:23

Gəncədə sakinlər su borularının nasazlığından şikayətçidir

KepezTV Player

Gəncədə bir binanın sakinləri çirkab su borularının nasazlığından şikayətçidir. Sakinlər su və kanalizasiya xidmətlərinə görə ödənişləri vaxtlı-vaxtında etdiklərini, ancaq cavabdeh şəxsləri onların problemlərinə laqeyd münasibətdə suçlayır. Aidiyyəti qurum isə yaranan duruma görə abonentləri  qınayır.

Gəncə şəhər İsax Cəfərov küçəsi, bina 12-nin sakinləri aylardır üfunətli iyi-qoxunun əlindən təngə gəliblər. Havaların nisbətən istiləşməsi ilə bu problem daha qabarıq şəkildə özünü büruzə verir. Sakinlər deyir ki, yaranan mənzərəyə əsas səbəb yaşadıqları binanın zirzəmisindən keçən çirkab su xətlərinin nasaz olmasıdır.

Zərnigar Quliyeva- sakin: Bizim problemimiz budur ki, kanalizasiya xəttimiz düzəlsin. Cücülər, qurdlar blokla yeriyir. Xahiş edirəm bizim binanın sakinləri adından problemimizi həll edəsiniz”.

Sakinlər onu da əlavə etdilər ki, su və kanalizasiya xidmətlərinə görə aylıq ödənişlərdən də yayınmırlar. Ancaq Gəncə Su Kanal Törəmə Səhmdar Cəmiyyətinin rəsmiləri onların problemlərini həll etmirlər. Dəfələrlə edilən müraciətlərə baxmayaraq, problem müsbət həllini tapmır.

Şəfa Məmmədova- sakin: “Biz blokdan çıxıb düşə bilmirik. Bütün mikrobdur. Biz də istəyirik ki, təmizlik olsun. Su pulunu, zibil pulunu hamısını ödəyirik. 5 ildir mən burada yaşayıram. 5 ildir bizim kanalizasiyamız daşır”.

Məsələyə münasibət bildirən Gəncə Su Kanal Törəmə Səhmdar Cəmiyyətinin sahə rəisi Yaşar Məhərrəmov yaranan mənzərəyə görə günahı sakinlərdə görür. Çünki tək İsax Cəfərov küçəsi deyil, digər ərazilərdə də əsas xətlərə qanunsuz qoşulmalar sonda bu cür fəsadlar yaradır.

Yaşar Məhərrəmov- sahə rəisi: “Orada vətəndaş özü fərdi xəttini qeyri- qanuni olaraq magistral xəttə birləşdirib. Orada da tıxac yaranıb. Həmin birləşdirdiyi xətt də çıxıbdır. Göndərmişəm, xətt də təmizlənib və nasazlıq aradan qaldırılıb”.

Sakinlər ümid edir ki, bina 12-nin zirzəmisinə axan çirkab su xəttinin bərpası müvəqqəti deyil, daimi olaraq aradan qaldırılıb.

Natiq Hüseyn