• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1269
— 25.05.2017 00:05

Bıçaqlanan 1 nəfər öldü, 3 nəfərsə xəstəxanalıq oldu

KepezTV Player

Sözü çəp gələnlər, içki içib onun təsirinə düşənlər həm özlərini, həm də başqalarını zülmə saldılar. Soyuq silaha əl atıldı, silah da əldə yerində durduğu kimi xatasız durmadı. 1 nəfər öldü, 3 nəfərsə sağlamlığından oldu.

Bakıda qanlı olay yaşanıb. Hadisə Nizami rayonu Keşlə qəsəbəsində qeydə alınıb. 24 yaşlı Sabit Bağırov mübahisə zəminində Valeh Heydərov adlı şəxsə bıçaqla zərbələr endirib. Xəstəxanaya yerləşdirilən yaralının həyatını xilas etmək mümkün olmayıb. Nizami RPİ 23-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Sabit Bağırov tutulub.

Daha bir bıçaqlanma paytaxtın Nəsimi rayonunda baş verib. 54 yaşlı Yaşar Kərimov 28 may metrostansiyasının yaxınlığında naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı hadisə şahidlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. O, dərhal əməliyyat edilib və tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib. Hadisəni törədən şəxsin tutulması istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirilir. 

Sumqayıtda da bıçaqlanma hadisəsi qeydə alınıb. Şəhərin "Beton zavodu" adlanan ərazisində xalasıgilə qonaq gələn Kənan Adıyevlə qonşuluqda yaşayan Qurban Zülfüqarov arasında mübahisə yaranıb. Bu vaxt Adıyevin xalasıoğlu Nurəddin Əliyev də söhbətə qoşulub və aranı sakitləşdirməyə cəhd göstərib. Toydan gələn Qurban Zülfüqarov oranı tərk etsə də, bir müddət sonra yenidən Əliyevlərin qapısına gəlib. Bu dəfə tək yox, bir neçə nəfərlə birgə. Bu zaman dava çıxıb və Nurəddin Əliyev iki nəfəri bıçaqlayıb. Hadisədən xəbər tutan polis əməkdaşları Əliyevi saxlayıblar.

Xəsarət alan şəxslər xəstəxanaya yerləşdiriliblər. Faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Zülfiyyə Telmanqızı