• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3203
— 19.05.2017 15:10

Mübahisələrə bıçaqla yekun vurdular

Söz qılıncdan kəsərlidir. Bu ifadə əbəs yerə deyilməyib. Ancaq görünür, mübahisə edən zaman tərəflər qüvvəti qılıncdan kəsərli sözə yox, qılınc kimi kəsən bıçağa verirlər. Bakıda müştəri üstündə əlbəyaxa davaya çıxan sürücülər də, həyat yoldaşı ilə münaqişəni qanla bitirən kişi də bu qəbildəndir. Soyuq silahın zərbəsinə tuş gələn daha bir nəfər isə Gəncədəndir.

Bakının Nizami rayonu ərazisində taksi sürücüləri arasında bıçaqlanma hadisəsi baş verib. Hadisə metropolitenin "Koroğlu" stansiyası yaxınlığında qeydə alınıb. Ərazidə taksi fəaliyyəti ilə məşğul olan 22 yaşlı Elnur Orucovla digər taksi sürücüsü arasında müştəri üstündə dava olub. Nəticədə Elnur Orucov bıçaqlanıb və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Nizami rayonunda digər qanlı olay NZS qəsəbəsi, Aşıq Qurban küçəsi, ev 21-də qeydə alınıb. 27 yaşlı Aynur Rəhimova həyat yoldaşı Səbuhi Rəhimov tərəfindən bıçaqlanıb. Qadın aldığı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, bu hadisədən bir gün əvvəl də Aynur Rəhimova əri tərəfindən döyülərək xəstəxanalıq olub. Müayinə olunduqdan sonra isə evə buraxılıb. Iddiaya görə, cütlük arasında mübahisə qısqanclıq zəminində yaranıb. Gəncədə bıçaqlanma hadisəsi olub. Şəhər sakini 41 yaşlı Zaur Məmmədov bıçaq xəsarətləri ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə gətirilib. Əməliyyat olunan yaralının vəziyyəti orta ağır qiymətləndirilir. Onun hansı şəraitdə bıçaq xəsarətləri aldığı məlum deyil. Faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.
 

Elnur Vahidoğlu