Olimpiya çempionu, Gəncə güləş məktəbinin istedadlı yetirməsi Toğrul Əsgərov cəzalanıb. Sərbəst güləşçi antidopinq qaydalarını pozduğu üçün 1 il müddətinə bütün yarışlardan uzaq qalacaq.
Əsgərov yarışlardan kənarda dopinq-testdən keçib və onun orqanizmindən higenamin maddəsi aşkar olunub. Bu preparatın ABŞ və bəzi Avropa ölkələrində istifadəsi qanuni sayılsa da, bu ildən Ümumdünya Anti dopinq Agentliyi tərəfindən qadağan olunub. Higenamin çəkini qorumaq məqsədilə istifadə olunan dərman vasitəsi hesab edilir.
“ARB Kəpəz”ə açıqlama verən Toğrul Əsgərov istifadəsi qadağan olunan hər hansı bir preparatdan istifadə etmədiyini bildirib. 25 yaşlı pəhləvan ilin əvvəlində Hindinstanda iştirak etdiyi Peşəkar Güləş Liqasının yarışları zamanı qida rasionunda dəyişiklik səbəbindən orqanizminə belə maddənin düşə biləcəyini istisna etməyib. Dopinqdən tamam uzaq olduğunu bildirən idmançı hər zaman ədalətli mübarizə prinsiplərinə sadiq qaldığını sözlərinə əlavə edib. Güləşsevərləri narahat olmamağa səsləyən Toğrul zədəsi ilə bağlı bir müddətdir ki, güləşmədiyini, əməliyyata hazırlaşdığını söyləyib. O, hələ böyük qələbələrin irəli olduğunu, tam sağaldıqdan sonra yeni uğurlara imza atacağını vurğulayıb.
Qeyd edək ki, Toğrul Olimpiya çempionu olmaqla yanaşı, Rio-2016-da gümüş, Bakı 2015 ilk Avropa Oyunlarında və qitə çempionatında qızıl medal qazanıb. O, həmçinin kişilər arasında dünya çempionatının gümüş mükafatçısıdır.
Azad Rəfi
- Baxış: 538