İslam Həmrəyliyi Oyunlarında idmançılarımız ötən gün 9 qızıl medala sevinib. Yığmamızın üzvləri həmçinin 5 gümüş və 4 bürünc mükafat qazanıblar.
ATICILIQ
İslam Həmrəyliyi Oyunlarında güllə atıcıları daha bir qızıl medalla azarkeşləri sevindiriblər. Qarışıq komanda halında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında Nigar Nəsirova - Ruslan Lunyov dueti birinci olublar. Onlar üst-üstə 5 hədəfi dəqiq nişan alıblar.
Qarışıq komanda halında dairəvi stend üzrə atəş açma yarışında isə Emin Cəfərov – Nurlana Cəfərova dueti gümüş medala yiyələniblər. Onlar həlledici mərhələdə 24 xalla 2-ci yer layiq görülüblər.
ÜZGÜÇÜLÜK
IV İslam Həmrəyliyi Oyunlarında üzgüçülərdən ibarət komandamız bürünc medal qazanıb. Yuliya Stısyuk, Fatimə Alkərəmova, İlahə Rəciyeva və Alsu Bayramovadan ibarət kvartet 4X100 metr məsafəyə kompleks estafetdə finişə 3-cü çatıb.
GÜLƏŞ
İslamiadada mübarizəyə qoşulan yunan-Roma güləşçiləri günü 1 qızıl, 1 gümüş, 2 bürünc medalla başa vurublar.
Qızıl mükafatı komandamızın aktivinə Orxan Nuriyev yazdırıb. Nuriyev 98 kq çəki dərəcəsində bu uğura imza atıb.
Rafiq Hüseynov isə yalnız finalda uduzaraq gümüş oyunları gümüş medalla tamamlayıb. 80 kq çəkidə güləşən pəhləvan həlledici görüşdə iranlı idmançıya məğlub olub.
Bürünc medallara Rəsul Çunayev və Murad Məmmədov sahib olub. Çunayev 71, Məmmədov isə 59 kq-da üçüncü nəticə göstərib.
TAEKVANDO
Oyunlarda günün ən yaxşı nəticələrini taekvandoçular qazanıb. Bu növlə məşğul olan idmançılarımız 4 qızıl və 1 gümüş medalla yadda qalıblar.
Rio Olimpiya Oyunlarının qalibi, 1-ci Avropa oyunlarının çempionu Radik İsyaev islamiada da heç bir rəqibinə şans verməyərək qalib adını qazanıb. İsayev 87 kq çəki dərəcəsində baş mükafata sahib çıxıb.
Komanda yoldaşından geri qalmayan Ayxan Tağızadə də qızıl medalçı olub. 68 kq çəki dərəcəsində mübarizə aparan Tağızadə finalda iranlı həmkarını üstələyərək fəxri kürsünün ilk pilləsinə qalxıb.
Kişilər arasında yarışan Milad Beiqi Harçeqani də islamiadada qızıl medala yiyələnib. Harçeqani 80 kq bütün rəqiblərini qabaqlamağı bacarıb.
Qadınlar arasında döyüşən Rio Olimpiadasının bürünc mükafatçısı Patimat Abakarova da oyunların qalibi adını qazanıb. Zərif cinsin nümayəndəsi 49 kq-da rəqib tanımıyıb.
67 kq çəki dərəcəsində mübarizə aparan Fəridə Əzizova isə gümüşlə kifayətlnib. Əzizova finalda Türkiyə idmançısına yenilib.
ATLETİKA
IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan atletləri bir növdə iki medal qazanıblar. Bunlar 3 təkanla uzununa tullanan Nazim Babayevlə Aleksis Kopellodur. Babayev qızıl, Kopello gümüş medala sahib olub.
Digər bir atletimiz Rahib Məmmədov isə islamiadada gümüş medal kifayətlənib. Məmmədov 110 metr məsafəyə sədlərlə qaçış növündə ikinci olub.
PARA ATLETİKA
İslamiadada iştiak edən paralimpiyaçı atlet Elmir Cəbrayılov da qızıl medalı boynundan asdırıb. Cəbrayılov 100 metr məsafəyə qaçışda fəxri kürsünün ilk pilləsinə qalxıb.
Para-atletika növündə daha bir qızıl medal Samir Nəbiyevə qismət olub. 31 yaşlı idmançı F57 kateqoriyasında lövhə atma yarışında nəticə əldə edib. Samir Nəbiyev daha əvvəl nüvəatma yarışında da qızıl medala sahib çıxıb.
Bu növdə çıxış edən Oloxan Musayev isə bürünc medal qazanıb.
Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının altıncı günü geridə qalıb.
Azərbaycan millisi günü 18 medalla başa vurub. Bununla, Azərbaycan yığmasının aktivindəki medal sayı 99-a çatıb. Bu, nəticə ilə ikinciyik. Bu gün qazanılacaq ilk mükafat sayca 100-cü olacaq.
Orxan Cəfərzadə
- Baxış: 410