UEFA-nın klubların lisenziyalaşdırma prosesində 5 əsas meyardan biri kadrlarla bağlıdır. Beynəlxalq futbol təşkilatının tələblərinə cavab verməyə çalışan “Kəpəz” tərəfi ilk növbədə klubda işləyən məşqçilərin uyğun kateqoriyalara yiyələnməsinə səy göstərir.
Artıq iki ildir ki, klub rəhbərliyi tərəfindən bu istiqamətdə məqsədyönlü işlər aparılır. İstər əsas, istərsə də əvəzedici və ayrı-ayrı yaş qrupları üzrə komandalarda çalışan məşqçilər bilik və bacarığın artırılması üçün kurslara göndərilir. Çünki müasir futbolda lisenziya məşqçilik fəaliyyətinin əsas tərkib hissəsinə çevrilib və kateqoriyası olmayanların klublarda peşəsi üzrə çalışması əngəllər yarada bilər. Son olaraq Gəncə təmsilçisindən Vidadi Rzayev və Vasif Vəliyev A kateqoriyasına layiq görülüb. Vaxtilə futbolçu indi isə məşqçi kimi “Kəpəz”in uğurları üçün çalışan ikili UEFA-nın müvafiq məşqçi kurslarına qatılıb və imtahanların nəticəsinə əsasən, hər iki mütəxəssis kateqoriyasını daha bir pillə artırıb. 4 mərhələdən ibarət olan A kateqoriyalı kurslar fasilələrlə 2 ay davam edib. Məşqçilər 3 ildən sonra lisenziyalarını yeniləməlidirlər.
Cabir İbrahimov- “Kəpəz” PFK-nın icraçı direktoru: “Vidadi Rzayevlə Vasif Vəliyevin belə yüksək kateqoriya alması sevindiricidir. Bizim klubumuzda, Gəncədə savadlı kadrlar var. Məqsədimiz odur ki, digər məşqçilər də uyğun lisenziyalara yiyələnsinlər və yüksəlişə doğru irəliləsinlər. Bu, Gəncə futbolunun inkişafı üçün vacib amillərdən biridir”.
Məşqçilərin müvafiq kateqoriya kurslarında iştirakı ödənişli əsaslarla həyata keçirilir. “Kəpəz”də bu xərclər klub tərəfindən qarşılanır.
Cabir İbrahimov- “Kəpəz” PFK-nın icraçı direktoru: “Məşqçilərimizin kateqoriyaya sahib olması üçün mənəvi və maddi dəstəyi veririk, heç vaxt dəstəyi əsirgəməmişik. Nə lazımdırsa, təmin etmişik, onlar da buna məsuliyyətlə yanaşaraq, kateqoriya almağın öhdəsindən gəliblər. Bizim əziyyətimizi cavabsız qoymayıblar”.
Gəncə klubunda əsas komandanı nəzərə almasaq 10 müxtəlif lisenziyaya malik məşqçi işləyir. Onlardan 3-ü A, 1-i B, digərləri isə C kateqoriyasına sahibdir. Son iki il ərzində 5 mütəxəssis müvafiq lisenziya alıb.
Azad Rəfi
- Baxış: 844