İdmançılarımız dünən 8 qızıl, 1 gümüş və 4 bürünc mükafat əldə edib. Təmsilçilərimiz üzgüçülük, atletika, paraatletika, güllə atıcılığı və taekvondo yarışlarında mükafatçılar sırasına düşə bilib.
TAEKVANDO
IV İslam Həmrəyliyi Oyunlarının növbəti günü teakvando yarışlarında millimiz aktivinə iki medal yazdırıb. Mükafatların əyarları 1 qızıl, 1 gümüş olub. Qızıl medalı komandamıza qadın taekvondoçumuz Yaprak Eriş qazandırıb. Tatami ustası 57 kq-da rəqib tanımıyıb.
Kişilərin mübarizəsində Qaşım Maqomedov isə gümüş medala yiyələnib. Maqomedov finalda iranlı rəqibinə uduzaraq oyunları ikinci sırada tamamlayıb.
AĞIRLIQQALDIRMA
Bakı – 2017-nin növbəti günü ağırlıqqaldırmada da medalımız olub. Atletimiz Rövşən Fətullayev bürünc medal qazanıb. 94 kq-da körpücük üzərinə çıxan Fətullayev iki hərəkətin cəmində 376 kq nəticə ilə üçüncü yeri tutub.
UZGÜÇÜLÜK
Üzgüçümüz Maksim Şemberev növbəti gün medal kolleksiyasına daha iki qızıl qızıl medal əlavə edib. Şemberev 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə finişə birinci çatıb. Maksim 800 metr məsafəyə sərbəst üzmədə də bütün rəqiblərini qabaqlayıb. Bu, Maksim Şemberevin Bakı 2017-də 4-cü qızıl medalı olub.
Oyunlarda üzgüçülərdən ibarət komandamız oyunların bürünc medalını qazanıb. 4 üzgüçüdən ibarət kvartet 4X100 metr məsafəyə sərbəst estafetdə fərqlənib.
ATICLIQ
Güllə atıcımız Ruslan Lunyov növəbəti gün də medalsız qalmayıb. 28 yaşlı idmançı bu dəfə kişilər arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmada fərqlənib. O, 1-ci yeri tutub. Qeyd edək ki, Ruslan Lunyov bununla İslamiadada qazandığı qızıl medallarının sayını 4-ə çatdırıb.
Azərbaycanı İslamiadada təmsil edən güllə atıcısı Nigar Nəsirova isə bürünclə kifayətlənib. Nəsirova qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapança ilə atəş açma yarışında 3-cü olub.
PARA-ATLETİKA
Azərbaycan İslamiadada para-atletika növündə 3 qızıl medala sahib çıxıb. 100 metr məsafəyə qaçışda Yelena Çebanu 12,09 saniyəlik nəticəylə birinci olub.
Oloxan Musayev də fəxri kürsünün ilk pilləsinə qalxmağı bacarıb. 38 yaşlı idmançı 11,86 metr məsafəyə nüvə itələyərək birinci yeri heç kəsə güzəştə getməyib.
Para-atletikada digər qızıl mükafat isə Samir Nəbiyevə qismət olub. İdmançımız kişilər arasında nüvə itələmə növündə fərqlənib. O, 13,95 metr nəticə göstərərək baş mükafata sahib çıxıb.
ATLETİKA
Atletika yarışlarında isə qadın idmançılarımızın 2-si medala yiyələnib. Hanna Skidan çəkicatma növündə 75,29 metr nəticə ilə qızıl medala sahib olub.
Yekaterina Sarıyeva isə üç təkanla tullanmada mükafatçılar sırasına düşüb. O, 12,81 metr uzununa tullanaraq islamiadanı bürünc medala başa vurub.
Dünənki nəticələrdən sonra yığmamızın İslamiadadakı ümumi qazancı 81 medala çatıb. 41 qızıl, 24 gümüş və 16 bürünc medalı olan Azərbaycan millisi komanda hesabında 2-ci pillədə qalıb. Türkiyə millisi isə 115 medalla zirvədəki mövqeyini qoruya bilib.
Azad Rəfi
- Baxış: 433