FUTBOL
23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib. Yaşar Vahabzadənin baş məşqçi olduğu komanda A qrupunda keçirdiyi 3-cü görüşündə Mərakeş yığması ilə qolsuz heç-heçə edib. Qrupun digər oyununda Kamerun Səudiyyə Ərəbistanını 3:0 darmadağın edib. Bu nəticələrdən sonra Kamerun, Azərbaycan və Mərakeş hərəyə 5 xalla ilk 3 pillədə qərarlaşıblar. Lakin daha yaxşı top fərqi səbəbindən Kamerun 1-ci, Azərbaycan 2-ci yerin sahibi kimi növbəti mərhələyə yüksəlib. Azərbaycan yığması yarımfinalda B qrupunun qalibi Əlcəzair millisi ilə qarşılaşacaq.
ÜZGÜÇÜ
Azərbaycanı islamiadada təmsil edən üzgüçü Maksim Şemberev daha bir qızıl medal qazanıb. Şemberev 400 metr məsafəyə fərdi kompleks yarışının qalibi olub. Qeyd edək ki, Şemberev 1500 metr məsafəyə sərbəst üzmədə də bütün rəqiblərini qabaqlamağı bacararaq qızıl medala yiyələnib.
İDMAN GİMNASTİKASI
İslam Oyunlarında idman gimnastikası üzrə yarışlara yekun vurulub. Azərbaycan gimastlarından kişilər arasında Bençe Talas turnik və dəstəkli gimnastika atı ilə hərəkətdə qızıl, halqalarla çıxışda gümüş medala sahib çıxıb.
Digər qızıl medalı sərbəst hərəkətlərdə Murad Ağarzayev komandamıza qazandırıb.
Timur Bayramov isə parallel qollarda bürünclə kifayətlənib.
Zəriflərin yarışında Yuliya İnşina sərbəst hərəkətlərdə fəxri kürsünün ilk pilləsinə yüksəlib. Gimnastika tirində isə İnşina bürünc mükafata sahib çıxıb.
Marina Nekrasova gimnastika tiri və dayaqla tullanmada, Yekaterina Tişkova isə müxtəlif hündürlüklü qollarla hərəkətlərdə gümüş medal qazanıb.
Beləliklə, Azərbaycan idman gimnastları fərdi yarışları 4 qızıl, 4 gümüş, 2 bürünc medalla başa vurublar.
ATICILIQ DUET
Azərbaycan yığması oyunlarda atıcılıq növündə daha bir qızıl medal qazanıb. Bu dəfə qarışıq komanda halında səngər stendində Aydan Camalova - Əli Hüseynli dueti heç bir rəqibinə şans verməyərək Bakı 2017-nin qalibi olublar.
Güllə atıcısı Ruslan Lunyov da növbəti qızılı boynundan asdırıb. Lunyov 25 metr məsafəyə standart tapançadan atəş açma yarışında 1-ci yeri tutub. Bu, Lunyovun İslamiadada 3-cü qızıl medalı olub.
AĞIRLIQQALDIRMA
Azərbaycanın 2 ağırlıqqaldıranı "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında medal komandamızın aktivinə növbəti medalları yazdırıblar.
69 kq çəki dərəcəsində çıxış edən Anastasiya İbrahimli birdən və təkanla qaldırmada ümumilikdə 219 kq ağırlığı başı üzərinə qaldırara qızıl medala yiyələnib.
63 kqda körpücük üzərinə çıxan Elnurə Abbasova da fəxri kürsüdə yer alıb. İdmançımız iki hərəkətin cəmində 184 kq nəticə ilə bürünc medalçı olub.
CÜDO
IV İslam Həmrəyliyi Oyunlarında cüdo üzrə kişilərdən ibarət millimiz komanda yarışlarında da ən güclü olub. Komandamız mübarizəyə 1/8 finaldan başlayaraq əvvəlcə Qırğızıstanı, 1/4 finalda Türkiyəni məğlub edib. Tatami ustalarımız yarımfinalda Özbəkistana qalib gəlib. Bu qələbə sayəsində finala yüksələn yığmamız həlledici görüşdə Əlcəzairi 3:2 hesabıyla üstələyərək birinci yerə layiq görülüb.
Cüdo üzrə Azərbaycanın qadınlardan ibarət komandası isə komanda yarışlarında gümüş medal qazanıb. Qrup mərhələsində Özbəkistanı 3:2 hesabı ilə yenən heyət üzvləri finalda Türkiyəyə uduzublar.
Beləliklə, dünənki nəticələrdən sonra Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında qazandığı medalların sayına görə, ikincidir. Dünən idmançılarımız 9 qızıl, 6 gümüş və 6 bürünc qazanıblar. Ölkəmizin aktivində 33 qızıl, 23 gümüş və 12 bürünc medal var.
Qeyd edək ki, Türkiyə 35 qızıl, 31 gümüş və 26 bürünc medalla birinci, üçüncü yerdə isə 6 qızıl, 6 gümüş və 18 bürünc medal ilə Özbəkistandır.
Orxan Cəfərzadə
- Baxış: 368