Gəncədə ilk dəfə olaraq yeniyetmə və gənclər üçün “Şəhərimizi tanıyaq” devizi altında “Muzey həftəsi” maarifləndirici tur layihəsinə başlanılıb. “18 May Beynəlxalq Muzeylər Günü” ilə əlaqədar reallaşan layihə Gəncə şəhərinin 2017-ci ilin MDB-nin Mədəniyyət Paytaxtı elan olunması ilə bağlı keçirilən silsilə tədbirlərin davamıdır. Ümumilikdə layihə başa çatana kimi 400-ə yaxın yeniyetmə və gənc şəhərimizin muzey və abidə komplekslərinə ekskursiya edəcək.
Artıq üç gündür ki, başlanan maarifləndirici tur layihə Gəncənin orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün təşkil edilib. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan layihədə bu gün 10 məktəbin 80 şagirdi Nizami Gəncəvinin məqbərəsində olub. Hündürlüyü 22 metr 40 sm olan bu məqbərədə xüsusi nəqqaşlıqla Şeyxin “Xəmsə”sinə aid olan əsərlərindən nəsihətamiz kəlamlar yazılıb. Həmçinin məqbərənin içərisi Azərbaycan memarlığına uyğun bəzədilib. Şagirdlər məqbərinin həyətində görkəmli şairin əsərlərindən parçaları əks etdirən heykəllərlə tanışlıqdan sonra Nizami Gəncəvi muzeyində də olublar. 3 mərtəbəli olan muzeydə Nizami Gəncəviyə aid ümumilikdə 500-ə yaxın müxtəlif dövrlərdə yazılan kitablar, əl yazmalar, eləcə də xalçalar, portretlər qorunub saxlanılır.
Müşfiq Cəfərov- Gəncə şəhər Gənclər və İdman Baş idarəsinin rəisi: “İlk növbədə bizim gənclərin, yeniyetmələrin dünya görünüşünün artmasına, o cümlədən şəhərdə olan muzeylərlə tanış olmasına xidmət edir. Onların ola bilsin ki, bəziləri muzeylərdə olub, bəziləri isə olmayıb. Olmayanlar da artıq bu muzeyləri görürlər”.
Maarifləndirici tur layihəsi çərçivəsində şagirdlər 2014-cü ilin yanvarında istifadəyə verilən Gəncə Qala Qapıları-Arxeologiya və Etnoqrafiya Muzeyi Abidə Kompleksində də olublar. Burada Gəncənin daş dövründən müasir dövrə kimi olan tarixi əhatə edən, eləcə də digər bölgələrə aid 500-dən yuxarı eksponat var. 5 mərtəbəli və 2 bürc olan Abidə Kompleksində qorunan tarixi ekponatlarla tanışlıq şagirdlərdə xoş təəssüratlar yaradıb.
Günel İsgəndərova- şagird: “Tur nəticəsində mən abidələri, daşları, alətləri, nizələri gördüm. Buna görə də məndə yaxşı təəssüratlar yarandı”.
Səbinə Musayeva- şagird: “Dərsliklərdə keçmiş insanların şəkillərini, onların geyimlərini və tarixi abidələrimizi görmüşdüm. Ancaq bu muzeyə gələrək onlarla daha yaxından tanış oldum”.
Maarifləndirici tur layihəsi may ayının 19-na kimi davam edəcək. Sonuncu gün isə Gəncə ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri muzey və abidə kompleksləri ilə tanış olmaq imkanı əldə edəcəklər.
Elnur Vahidoğlu
- Baxış: 855