• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1154
— 16.05.2017 15:44

Tələbələrin işlə təmin olunması istiqamətində daha bir addım atılıb

KepezTV Player

Ənənə halını alan Məzun Yarmarkası bu dəfə Azərbaycan Dövlət Aqrar Universitetində keçirilib. 2 minə yaxın ali təhsilli gənc 910 boş iş yerindən özünə uyğununu seçməyə çalışıb.

Suliddin Ələkbərov -ADAU-nun tələbəsi: “Mən bu il məzun oldum. Tələbə yarmarkası biz tələbələr üçün çox gözəl təşkil olunub. Gələcəkdə işlə təmin olunmaq üçün burada biz öz CV-lərimizi veririk. Mən Bərdə rayonundan gəlmişəm. Bərdə rayonundan burada xeyli iş yerləri var. Həmin iş yerlərinə mən öz CV-lərimi yazdım, ümid edirəm ki, gələcəkdə mən həmin işlərlə təmin olunacam”.

Seyhunə Əsgərova- ADAU-nun tələbəsi: “Əvvəllər biz özümüz gedib iş yerləri axtarırdıq, hal-hazırda əmək yarmarkası nəticəsində biz öz CV-lərimizlə gəlib müraciət edə bilirik. Və bizə söz verdilər ki, diplom aldıqdan sonra işlə təmin olunacağıq.

Universitetdə bu günədək təşkil olunan sayca 9-cu məzun yarmarkasına 35 şəhər və rayondan 129 müəssisə, təşkilat və şirkət boş iş yeri çıxarılıb.

Nail İmranov- işə götürən: “Bizim işimiz hazırlıq mərkəzidir. Burada iştirak etməkdə məqsədimiz gənc kadrları işlə təmin etmək, eyni zamanda bizdə olan məhsulları təqdim etməkdir. Azərbaycan dili, İnformatika, Məntiq müəllimi və eyni zamanda adminstrativ işlərdə işləmək üçün də vakansiya qəbul edirik”.

Rəşad Hüseynov- işə götürən: “Biz də hal-hazırda idarə yeni açıldığı üçün vakansiyalarımız var. Aqrokimyadı, biologiyadı, bitki mühafizədi, bu sahələr üzrə vakansiya elan etmişik və hal-hazırda da işçi qəbul edirik”.

Qəbul edilən CV-lər sırasında universitetin builki məzunları ilə yanaşı əvvəlki illərin buraxılışı olan gənclərin də sənədləri olub.

Hümbət Camalov- ADAU-nun şöbə müdiri: “Bilirsiz bizim problemimiz nədir? Bizim problemimiz odur ki, tələbələrimiz, xüsusən də oğlanlar universiteti bitirən kimi hərbi xidmətə gedirlər. Ona görə də bunların işlərində problemlər yaranır. Amma o, ki qaldı əvvəlki illərin məzunlarına onlar CV-lərini veriblər. Məndə olan məlumata görə 400-dən artıq CV götürülüb. İndi kimin işə çağrılıb- çağrılmayacağına həmin şirkətlər qərar verəcəklər”.

Yarmarkada həmçinin Azərbaycanda fəaliyyət göstərən müxtəlif şirkətlərin istehsal etdiyi məhsulların satışı da təşkil olunub.

Elton Cabbarlı