• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1193
— 12.05.2017 16:29

Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında ötən iki ay ərzində müxtəlif yarışlarda nailiyyət qazanan idmançılarla görüş keçirilib

KepezTV Player

Tədbirdə filialın 6 bölməsinin idmançı və məşqçiləri iştirak edib. Görüşdə badminton, boks, atletika, ağırlıqqaldırma, sərbəst və yunan-roma güləşi növləri üzrə əldə olunan uğurlardan danışan mütəxəssislər nəticələri idman mərkəzində görülən işlərin bəhrəsi kimi dəyərləndiriblər. Bakıda keçirilən badminton üzrə respublika birinciliyində 3 qız idmançının 2 qızıl və 1 gümüş medala yiyələnməsinin qısa bir müddətdə yaradılan bu bölmə üçün böyük nailliyyət olduğu qeyd edilib. Ötən ay ərzində digər idman növlərindən mərkəzin atletləri Xaçmazda yeniyetmələrin 11-ci respublika oyunlarında 1 qızıl və 1 gümüş, boksçular paytaxtda təşkil edilən ölkə birinciliyi və Balakəndəki respublika oyunlarında 2 qızıl və 2 gümüş medal qazanıblar. Eləcə də Bakıda ağır atletika üzrə keçirilən Azərbaycan çempionatında filialın yetirmələri 1 qızıl və 1 gümüş mükafatla doğma şəhərə dönüblər.

İntiqam Hüseynov - TRİM-in Gəncə filialının direktoru: “Məqsədimiz idmançılara dəstək olmaq, onların əziyyətlərini qiymətləndirmək və fərqlənən idmançılara stimul verməkdir. Eyni zamanda yarışlarda buraxılan səhvləri müzakirə edirik ki, növbəti turnirlərdə daha yaxşı çıxış edib, uğur qazanaq”.

Mərkəzin yunan-Roma və sərbəst güləşçiləri də qatıldıqları yarışlardan mükafatlarla qayıdıblar. Klassiklər Balakəndə 1 qızıl və 2 gümüş, beynəlxalq turnirdə 1 qızıl və 1 gümüş mükafata sahib olub. Sərbəst güləşçilər də yaxşı nəticəyə imza ataraq respublika oyunlarında 3 qızıl və 1 gümüş medal qazanıblar.

Murad Haqverdiyev -Sərbəst Güləş üzrə Respublika oyunlarının qalibi: “Balakəndə keçirilən yarışda yaxşı çıxış etdim. 5 görüş keçirdim. 4 rəqibimi asanlıqla məğlub etdim. Finalda isə cəlilabadlı idmançıyla güləşdim. Həlledici görüşüm çətin olsa da, qalib gəldim və birinci yerə çıxdım”.

Görüşün sonunda ayrı-ayrı yarışlarda fərqlənən idmançılar Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialının rəhbərliyi tərəfindən həvəsləndirici hədiyyələr ilə mükafatlandırılıb.

Orxan Cəfərzadə