2 gün bundan öncə müşahidə edilən güclü külək şəhərdə yaşı artıq olan və ömrünü başa vuran ağacları aşırdı. Görünən odur ki, Gəncədə təcili kəsilərək götürülməli olan ağaclar hələ də qalmaqdadır.Bu dəfə şəhər təsərrüfatına, eləcə də sakinlərin əmlakına daha çox çinar ağacları ziyan vurub. Quruyan və ətraf üçün təhlükə törədən ağacların vaxtında zərərsizləşdirilməməsi belə hallara yol açıb.
Elşən Verdiyev- sakin: “Bu ağac bu yönə yox, o biri yönə aşsaydı evə təhlükə verəcəkdi. Uşaq oynayır, maşın dayanır, küçədən maşın keçir. Yəni sakit küçə olduğu üçün uşaqlar hər dəqiqə küçədədir. Bunun üçün də əsas uşaqları fikirləşirik. Yol da bağlanıb, maşın keçib gedə bilmir”.
Təhlükəli ağacların kəsilməsi və ya budanması isə mülkiyyətçilər tərəfindən edilən müraciət əsasında mümkündür. İlin əvvəlindən 11 ağacın kəsilməsi üçün sənədləşmələr aparılaraq dövlət ekspertiza idarəsinə göndərilib. Ağacların budanmasına dair isə 10 saylı Ərazi Ekologiya Və Təbii Sərvətlər Şöbəsinə 8 müraciət olunub.
Qalib Quliyev -10 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin sektor müdiri: “Komissiya təşkil olunmalıdır biz tərəfdən, yaşıllaşdırma idarəsi və icra nümayəndəsi tərəfindən. Reydlər keçirilsin, ağaclar aşkarlansın. Nizami rayonunda bu işlər görülüb. 65 qurumuş ağac aşkarlanaraq qeydiyyata alınıb. Sənədlər Nizami Rayon İcra Hakimiyyəti başçısının müraciətinə əsasən göndəriləcək dövlət ekspertiza idarəsinə və ağacların kəsilməsinə dair icazə alınacaqdır. Və bu işlər Kəpəz rayonunda da davam etdirilir”.
Ümumilikdə aparılan yoxlamalar zamanı şəhər ərazisində 140-a qədər təhlükəli ağac aşkar edilib və 30-u kəsilərək zərərsizləşdirilib.
Elton Cabbarlı
- Baxış: 899