Ucqar dağ rayonu olan Daşkəsəndə 2100 abonent avqust ayına kimi fasiləsiz içməli sudan istifadə edə biləcək. Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirdiyi layihə çərçivəsində mənzillərin yararsız çirkab xətləri də tamamilə yenilənib.
2 ilə yaxındır icra edilən layihəyə uyğun olaraq rayon mərkəzindən 21 km aralıdan magistral su xətti çəkilib. Rayon mərkəzində 17 km su və 11 km kanalizasiya boruları yenilənib. Hazırda həmin xətlər sınaqdan keçirilir.
Fəxri Mirzəyev- layihə rəhbəri: "Daşkəsən rayonuna su mənbəyi Qarainək deyilən ərazidən götürülüb. Orada 4 bulaq var ki, onlardan da toplam olaraq saniyədə 50 litr su gəlir. Mövcud Gur bulaq nasos stansiyasında bir bulaq var ki, o da saniyədə 15 litr su verir və o da yenilənir. Ondan əlavə 2 dənə də nasos stansiya inşa olunub. Həmçinin xətt üzərində 75 kubluq tənzimləmə anbarı və təzyiqi nizamlamaq üçün təzyiq qırıcı qurğular da inşa edilib".
Çəkilən borularla yanaşı, 105 hündürmərtəbəli binada yaşayan 2 min abonentin mənzilinə ön ödəmə tipli smart kart sayğaclar da quraşdırılıb. Sayğaclar rayonun iqliminə uyğun olaraq 18-20 dərəcə soyuğa davamlıdır. 130 həyət evinə isə sayğacların quraşdırılması davam edir. Çirkab suların təmizlənməsi üçün isə 6 min kvmetr ərazidə 2 böyük qurğu inşa olunacaq. Bu kompleksdə çirkab sular həm mexaniki, həm də bioloji olaraq təmizlənəcək. Sutkada 3500 kub metr çirkab su təmizləndikdən sonra həmin sular bir başa Qoşqar çayına axıdılacaq.
İçməli su sarıdan əziyyət çəkən və kanalizasiyası olmayan daşkəsənlilər layihənin başa çatmasını səbirsizliklə gösləyirlər.
Kəmalə Hüseynova- sakin: "Bir xətt var idi, o da həftədə bir dəfə gəlirdi. Hamı gedib meşədən gətirirdi. Qışda donurdu, yayda da su heç olmurdu. Sağ olsunlar ki, yeni su xətti çəkiblər, Daşkəsən sakinlərini su ilə təmin eliyirlər".
Daşdəmir Hökmalıyev- sakin: "Əvvəllər su xəttində tutulmalar olurdu, sudan korluq çəkirdik. Ancaq indi su xəttini dəyişdirdilər, şəhərə yeni su xətti çəkdilər. Onların çəkdikləri su xətləri bizim şəhər sakinlərinin sevincinə səbəb oldu".
Daşkəsəndə içməli su və kanalizasiya ilə bağlı icra edilən layihə rayon əhalisinin 2035-ci ilə kimi artımı nəzərə alınaraq işlənib.
Elnur Vahidoğlu
- Baxış: 1058