• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1172
— 09.05.2017 12:07

96 yaşlı qəhrəman bu gün qələbənin 72-ci ilini qeyd edir

KepezTV Player

1941-45-ci illərdə Alman faşistlərinə qarşı müharibəyə Azərbaycandan 350 mindən artıq insan yollanıb. Onların böyük əksəriyyəti Böyük Vətən Müharibəsindən qayıtmadı. Ağır döyüş yolu keçərək vətənə qayıtmağı bacaranlar isə daha bir zəfəri yaşayacaqları günü gözləyirlər.

II Dünya müharibəsində Gəncə şəhərindən 28 600 nəfər vuruşub. Onların yarısı müharibədə həlak olublar. Geridə qoyduğumuz 1 il ərzində isə Gəncə daha 6 nəfər müharibə veteranını itirib. İndi Nizami yurdunda ön cəbhədə vuruşan 15 Böyük Vətən Müharibəsi iştirakçısı yaşayır. 

Tofiq Hüseynov Qafqazdan Avropaya qədər şərəfli döyüş yolu keçən veteranlardandır. O 1941-ci ildə Qori şəhərində hərbi təlimlərə qatılıb. Həmin vaxt 18 yaşı olan gənc Kazak polkunun qvardiyasında suvari kimi xidmətə başlayır. 

Tofiq Hüseynov- müharibə veteranı: “1941-45- ci illərdə mən şəxsən Avropa dövlətlərinin azad olunmasında, Rumıniya, Çexoslavakiya, Yuqoslaviya, Macarıstan, Avstriyanın azad olunmasında iştirak etmişəm. 3 böyük strateji əhəmiyyətli Macarıstan şəhərinin azad olunmasında Stalinin 3 təşəkkürnaməsini almışam, xüsusi tapşırığı yerinə yetirdiyi üçün medalıyla təltif olunmuşam. 1945-ci ildə müharibəni Vyana şəhərində başa vurduq”.

Vyana həm də Tofiq Hüseynovun xatirələri ilə vidalaşdığı şəhərdir. O, müharibə dövründə çəkdirdiyi şəkilləri Vyanadakı hərbi hissədə əşyaları ilə birlikdə itirib...1944-cü ildə, 19 yaşındaykən Kiyev uğrunda gedən döyüşlərdə güllə yarası alan Vəli Hüseynov da qocaman Gəncə veteranlarındandır.

 Vəli Hüseynov- müharibə veteran: “Pis günlər çəkmişik, ölüm ayağında olmuşuq. Vaxt olurdu ki, əmr verilmədən tərpənə bilmirdik. Elə olurdu ki, müdafiə zamanı meyitləri üst-üstə qoyub arxasında özümüzü saxlamışıq, komanda verildikdən sonra hərəkətə keçmişik”.

72 ildir veteran şəxsi sücaəti və qəhrəmanlığı bahasına qazandığı medallarını göz bəbəyi kimi qoruyur və özünü hər an döyüşə hazır hiss edir. 

Vəli Hüseynov- müharibə veteran: “Bu saatın özündə, müharibə başlasa, mən əsə-əsə də olsa getməliyəm. Biz o pis günləri yaşamışıq, erməni faşistləri topaqlarımızın 20%-ni zəbt edib. Qələbə çalmalıyıq a bala, torpaqlarımız azad olmalıdır”.

Hazırda Gəncədə yaşayan 61 arxa cəbhə iştirakçısı, eləcə də Böyük Vətən Müharibəsi veteranlarının 380 nəfər dul qadını yaşayır. Onların ən böyük arzusu müstəqil Azərbaycanın zəfər bayramını - qələbə gününü görməkdir.

Xəyalə Mürsəl