Bu günə xəbərlərin oxunma sayı: 840
— 08.05.2017 10:32

Şuşanın işğal olunduğu vaxta bir il daha əlavə olundu

KepezTV Player

Şuşanın işğalı nəticəsində şəhərdə195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirilmiş, 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmiş, 20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.

1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri keçmiş sovet ordusunun 366-cı alayının hərbi qulluqçularının və 40 zirehli texnikasının köməyi ilə Şuşa şəhərinə hücuma keçdilər. Uzun sürən artilleriya atəşindən və qeyri-bərabər qanlı döyüşlərdən sonra şəhər işğal olundu. O vaxtdan başlayaraq Ermənistan bu şəhərdə Azərbaycan xalqının izlərini silmək, onu unutdurmaq üçün ən ağlagəlməz cinayətlərə əl atır.  Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdır, milli arxitekturasını silib, istədikləri kimi yenidən qurmağa cəhd edirlər.   Nadir tarix-memarlıq tikililəri, qədim abidələr, inanc yerləri, yaşayış binaları, hətta məzarlıqlar dağıdılıb, zəngin muzey və kitabxanalar, muzeylər talan edilib. Vandallar 600-ə yaxın tarixi memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Cümə məscidini, Aşağı Gövhər Ağa məscidi, Xurşud Banu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan edib, 8 muzeyi, o cümlədən Şuşa tarix muzeyi, Dövlət xalça muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ dövlət tarix muzeyini, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıdıblar.  Erməni naqisliyi hətta heykəllərə divan tutmağı da  mümkün edib: Üzeyir Hacıbəyov, Bülbül, Natəvan kimi tarixi şəxsiyyətlərin heykəlləri güllələnib.

Erməni işğalçılarının özbaşınalığı, tarix və mədəniyyət abidələrimizin dağıdılması və qəsdən korlanması  “Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyasına,  “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” YUNESKO-nun 1972-ci il konvensiyasına  ziddir.

Azərbaycan xalqının mədəniyyətinin, əsrarəngiz musiqisinin beşiyi sayılan, tarixi Azərbaycan torpaqlarının əbədi və ayrılmaz parçası, böyük alimlərin, bəstəkarların, şairlərin vətəni olan Qarabağın paytaxtı – Şuşa şəhəri artıq 25 ildir ki, işğal altındadır. Amma bu illər ərzində saxta dəlillər hesabına bu yerləri özününkü kimi qələmə vermək cəhdləri səngimir. Bu yaxınlarda separatçı rejim Şuşadakı Yuxarı Gövhər ağa məscidini bərpa edib özünü dünya ictimaiyyətinə tolerant göstərmək və bu tarixi abidəyə baxmaq üçün gələn turistlərdən pul qazanmaq istəyini açıqlayıb. Qarabağdakı qondarma rejimin turizm idarəsinin rəhbəri bildirib ki, bu işlərə İrandan mütəxəssislər cəlb ediləcək. O hətta deyib ki, İrandan məscidi ziyarətə çoxlu sayda adam gəlir. Onların fikrincə, bərpadan sonra İrandan gələn turistlərin sayı arta bilər. Ən böyük həyasızlıq isə budur ki, həmin tarixi abidə,  fars məscidi kimi təqdim edilir. Xatırladaq ki, Yuxarı Gövhərağa məscidi 1883-84-cü illərdə Gövhər ağanın vəsaiti hesabına tikilib. Onun memarı isə Kərbəlayı Səfixan Qarabaği olub. Azərbaycanın Xarici İşlər Nazirliyi Şuşada rəsmi Bakının icazəsi olmadan Yuxarı Gövhər ağa məscidinin təmiri ilə məşğul olan “Part Saman Cahan Co” (İran) şirkətinin fəaliyyətinə etiraz bildirib. İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Xarici İşlər Nazirliyinə çağrılıb və sözügedən şirkətin qanunsuz fəaliyyətinin qarşının alınmasının zəruriliyi bildirilib. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, “Ermənistan bu kimi əməlləri ilə İslam ölkələri arasında fitnə-fəsad yaratmaq və İslam birliyini pozmaq kimi məkrli məqsəd güdür”.