• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1770
— 06.05.2017 12:01

Mütəxəssislər həyəcan təbili çalır: evdə edilən cərrahi müdaxilələr ölümlə nəticələnə bilər

KepezTV Player

Masallıda sünnət zamanı dünyasını dəyişən azyaşlının ölümü ev şəraitində cərrahi müdaxilənin təhlükəsini bir daha gündəmə gətirib. Mütəxəssislər həyəcan təbili çalır.  

Dırnaq çıxarma, sünnət, hətta doğuş kimi cərrahi müdaxilələr bəzən tibbi-sanitar norma və qaydalara cavab verməyən ev şəraitində icra olunur. Bu da bədbəxt hadisələri qaçılmaz edir. Sünnət zamanı həyatını itirən Kənan Hüseynov kimi. 

Anar Cəfərov- ümumi cərrah: “Dərmanlara qarşı allergiya baş verə bilər. Ən təhlükəlisi şok və qanaxmanı qeyd etmək olar ki, bunun da ev şəraitində qarşısını almaq mümkün deyil”. 

Bəlkə də azyaşlı Kənan xəstəxana şəraitində əməliyyat edilsəydi indi ölümüylə ölkəyə səs salmazdı. 

İlkin İsmayılov-həkim: “Anafilaktik şok, hemorojik şok, ağrı şoku ilə qarşılaşa bilərik. Xəstəxana şəraitində anesteziya həkimi var, qan bankı var, çeşidli dərmanlar olduğuna görə daha tez müdaxilə etmək imkanı olur”.

Diqanozu qoyulmamış anadangəlmə və ya sonradan yaranma problemlər ev şəraitində cərrahi müdaxilələrin riskini daha da artırır. 

Zamin Həşimov- uroloq cərrah: “Ümumi anesteziyada verilən dərmanlar yerli keyləşdirmədə istifadə olunan dərmanlardan daha zərərsizdir. Hətta uşaqlarda yerli keyləşdirmə ilə sünnət edilməsi qəti qadağandır. Çünki, yerli keyləşdiricilərin ciddi əlavə təsirləri ola bilir. Sünnət öncəsi hazırlıqlarda mütləq qanın ümumi analizi, qanın laxtalanma faktorları, hepatitlərlə bağlı analizlər alınır. Çünki, uşaqlar arasında infeksion xəstəliklər, laxtalanma problemləri ola bilir”.

Ev şəraitində sünnət edən və etdirmək istəyənlərə səslənirik. Bir neçə gün əvvələ qədər torpağın üstü ilə gəzən 5 yaşlı Kənan Hüseynov indi bu torpağın altında yatır. Böyüklərin diqqətsizliyi, məsuliyyətsizliyi ucbatından!

Xəyalə Mürsəl