Gəncədə Olimpiya Hərəkatı - 2017 proqramı çərçivəsində son olaraq badminton yarışları keçirilib. Bu idman növündəki mübarizələr də yerli Olimpiya İdman Kompleksində baş tutub.
İki gün davam edən birincilikdə ilk yarış günü şəhərin Nizami rayonunun məktəbliləri qalibi müəyyənləşdirib. Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən kütləvi idman tədbirində bu rayonun 19 komandası iştirak edib. Yekun gündə isə Kəpəz rayon məktəbliləri bacarığını göstərib. Burada 26 komanda qüvvəsini sınayıb. Yarışlarda tək qız və oğlanlar, eyni zamanda qarışıq cütlərdə güclülərin adlarına aydınlıq gəlib. Birinciliyin yekunlarına əsasən hər rayon üzrə ilk pillədə qərarlaşan komandalar Bakıda təşkil olunacaq finala mərhələsinə dəvət alıb.
Ceyhun Əlizadə- yarışların baş katibi: “Bu yarışların keçirilməsinin məqsədi digər məktəblilər arasında da təbliğat aparmaqdır. Burada olan məşqçilər yaxşı idmançıları seçir, onları öz məşqlərinə dəvət edirlər. Onlar da gələcəkdə həm Azərbaycanda, həm də xaricdə keçiriləcək yarışlarda iştirak edə biləcəklər”
Badminton üzrə yarışların Gəncədə keçirilməsi təsadüfi deyil. Çünki Nizami yurdunda bu idman növü üzrə bölmə fəaliyyət göstərir və bu bölmənin idmançıları ölkə daxili birinciliklərdə yaxşı nəticələrə imza atır.
Ceyhun Əlizadə- yarışların baş katibi: “Gəncədə Nizami və Kəpəz rayonları üzrə yarış keçirilir. Burada yəğma komandada iştirak edən bəzi idmanşılar var. Gəncə Bakıdan sonra ən yaxşı idmançıların olduğu şəhərdir. Xüsusilə qızlar arasında yüksək nəticələr göstərənlər çoxdur”.
Bunadək Gəncədə Olimpiya Hərəkatı – 2017 devizi altında reallaşan tədbirlərdə velosiped, atletika, voleybol və basketbol üzrə yarışlar təşkil edilib.
Orxan Cəfərzadə
- Baxış: 640