Son zamanlar ölkənin müxtəlif bölgələrində aşkarlanan mənşəyi məlum olmayan ətlər qida rasionumuzun vacib elementi olan ətin təhlükəsizliyinə nəzarət məsələsini gündəmə gətirir. Bazarlar və pərakəndə satış məntəqələrindən ət alarkən nəyə nəzarət etməliyik?
Şəhər sakini: “Tanıdığım yerdən alıram. Bilirəm ki, nə ət kəsir. Təmiz dana və quzu əti kəsir”.
Şəhər sakini: “Əsasən ətin keyfiyyətinə, körpə və təmiz olmağına diqqət edirəm”.
Şəhər sakini: “Səliqəli işləyirlər. Neçə illərdir buradan alıram”.
Şəhər sakini: “Mən əti tanıyıram. Ətin qaralığına baxıram. Bilirəm ət qalanda qaralır”.
Cavablar müxtəlif olsa da mütəxəssislər ilk növbədə kəsilən heyvanın sağlam olmasını vacib sayır. Ardından ətin qida üçün yararlı, saxlanma şəraiti də az əhəmiyyət kəsb etmir.
Mərdan Tağıyev- qida məhsulları üzrə mütəxəssis: “Ət kəsildiyi müddətdən sonra yetişməlidir. Ən azı 6 saat keçdikdən sonra artıq bu yetişmiş ət hesab olunur. Ondan sonra istifadə daha yaxşı olar. Bu dövrdə mikrobioloji, biokimyəvi proseslər baş verir. Ətdə keyfiyyət dəyişiklikləri baş verir. Ətin keyfiyyət xüsusiyətləri formalaşır. Barmaqla əti basdıqda ət tez bir zamanda əvvəlki vəziyyətinə qayıdırsa deməli bu təzə ətdir. Ətin üzərində selik əmələ gəlirsə, deməli bu da ətin artıq xarab olmasının göstəricisidir”.
Ət hər birimizin qidasında əsas məhsul olduğundan onu alarkən üzərində baytar möhrünün olmasına da fikir vermək lazımdır. Bu onun keyfiyyətinin yoxlanıldığından və satışına icazə verildiyindən xəbər verir.
Azadə Əliyeva- 1 saylı Baytarlıq-Sanitariya Ekspertiza Laboratoriyasının direktoru: “Bütün ət və ət məhsulları hər gün səhər saat 7-7:30-da ət bazara bütöv cəmdək halında daxil olur. İçalatı içində. Başı yanında. Biz onun daxili orqanları və cəmdəyin bütövlüyünə baxırıq. Bütün cəmdəklərin üzərində orqanoleptik müayinə aparılır. Hansı ətdə şübhə olarsa onun üzərində laborator müayinə aparılır”.
Digər bir məqam ətin mənşəyi ilə bağlıdır. Şəhər Baytarlıq İdarəsində bildirilir ki, mənşəyinin təyini mümkün olmadığından ticarət yerlərində hazır farş və sümüksüz ətin satışına icazə verilmir. Hazırda mal ətinin 1 kq-nın qiyməti 10-10.50 manat, qoyun ətinin qiyməti 11 manatdır.
Jalə Qurbanova
- Baxış: 749