Yoxsul çox şey istər, həris isə hər şey. Hərislik və tamah başlayan yerdə isə bir sıra dəyərlər sona çatır. İlk olaraq isə halallıq. Bu dəfə haramla pullanmaq istəyən gənc xanım oldu, həm də oğlan dostu ilə birgə. Amma bu da hələ son deyil. Onun taladığı mənzil doğma dayısının olub.
Paytaxt sakini Lalə İsbəndiyarova mənzilindən oğurluq edilməsi barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə məlumat verdikdən sonra, ərizə ilə polisə müraciət edib. Ərazi üzrə Nərimanov RPİ və 18-ci PB əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu hadisə yerinə baxış keçirib. Ev sahiblərinin izahatı alınıb, müvafiq olaraq əl-barmaq izləri götürülüb. Məlum olub ki, oğurluq edən şəxslər mənzilə dəhlizdəki pəncərənin şüşəsini qıraraq daxil olublar.
Nərimanov Rayon Polis İdarəsi və 18-ci Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lalə İsbəndiyarovanın yaşadığı mənzildən 12500 manat dəyərində qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Nərmin Mustafayeva və Əli Nəbiyev saxlanılıb. Xoş olmayan daha bir məqam isə odur ki, Nərmin oğurluğu dünyasını dəyişmiş dayısının ailəsinə qarşı törədib.
Qeyd edilən faktla bağlı Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.
- Baxış: 546