Ağ ölümün fəsadları, bu xəstəlikdən əziyyət çəkənlərin acınacaqlı sonluğu, eləcə də narkodüşkünləri gözləyən cəza Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alanlara izah edilib. Azərbaycanda da narkomanların xüsusən gənclər arasında artan sayı, ölkə üzrə qeydiyyata alınan 29 min narkomanın 500-ə yaxınının Gəncə və ətraf rayonlarda yaşaması təəssüflə vurğulanıb. Narkoman və narkomanlığa qarşı mübarizə tədbirləri kimi maarifləndirmə işinin aparılmasının əhəmiyyətinə toxunulub.
Ədalət Sadıqov- Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin rəisi: “Bir sıra ölkələrlə müqayisədə Azərbaycanda narkomaniyaya qarşı mübarizə çox effektiv şəkildə aparılır. Lakin bu bizi arxayınlaşdırmır. Hətta cəmiyyətimizdə 1 narkoman belə varsa bu bizi ciddi düşündürməlidir. Və bunun qarşısının alınması üçün bütün tədbirləri, o cümlədən də profilaktik tədbirləri, yəni izahedici təbliğat işləri aparılmalıdır ki, biz də bu istiqamətdə öz işlərimizi aparırıq”.
Valeh Əsədov- ADAU-nun tələbəsi: “Azərbaycan gəncliyinin də narkomaniya kimi bir fəsaddan qurtulması üçün bu tipli tədbirlərin keçirilməsi vacibdir. Onu da qeyd edə bilərəm ki, universitetimizdə bununla bağlı qəti addımlar atılır. Müxtəlif tipli yarışlar keçirilir, habelə gənclərin ictimai yöndə formalaşması üçün bir çox tədbirlər həyata keçirilir, onlar asudə vaxtlarını səmərəli keçirsinlər”.
Vidadi Nuriyev- ADAU-nun tələbəsi: “Çox sevindirici haldır ki, bu gün Daxili İşlər Nazirliyi ilə birlikdə bu gün ADAU narkomaniya ilə bağlı bu cür təbliğat kompaniyası keçirir. Və bu cür kompaniyaların keçirilməsi həm universitetimizin tələbələri üçün, həm də Gəncə sakinləri üçün əhəmiyyətlidir”.
Elton Cabbarlı
- Baxış: 608