• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1676
— 27.04.2017 10:47

Daşkəsəndə xeyli miqdarda mənşəyi məlum olmayan ət aşkarlanıb

KepezTV Player

Bu dəfə mənşəyi bilinməyən ət Daşkəsəndə aşkar edilib. Xeyli miqdarda ətin haradan və necə əldə edildiyi, eləcə də kəsim sexinə gətirildiyi aidiyyəti üzrə araşdırılır. Ətin aşkarlandığı avtomobil və sex kolbasa istehsalı müəssisəsinə aid edildiyi bildirilir. 

Daşkəsənin Dövlət Yol Polisi əməkdaşları qayda pozduğuna görə, Gəncə şəhər sakini 60 yaşlı Nafiq Əliyevin idarə etdiyi "Hyundai" markalı avtomobili saxlayıb. Yük yerindən gələn üfunətli qoxu polislərdə müəyyən şübhələr yaradıb. Əraziyə çağrılan əməliyyat qrupu mənşəyi məlum olmayan 1 ton ət aşkarlayıb.

Elmar Ələkbərov- baş təhqiqatçı: “Avtomobilin yük yerində mənşəyi məlum olmayan ət olduğundan rayon polis şöbəsinin dayanacağına yerləşdirilib. Yük yerinə baxış keçirilən zaman hər birinin çəkisi 20 kiloqram olan 50 qutu mənşəyi məlum olmayan ət aşkarlanıb”.

Ətlərə baxış keçirib müvafiq rəy alınması üçün əraziyə Daşkəsən rayon Baytarlıq İdarəsinin həkimləri cəlb olunub. Müəyyən edilib ki, heyvan cəsədləri rayonun Quşçu kəndi ərazisində fəaliyyət göstərən ət kəsimi sexindən götürülüb. Hüquq- mühafizə orqanları və baytar həkimləri sözügedən ünvana baxış keçirən zaman oradan 5 tondan çox mənşəyi məlum olmayan və iri buynuzlu mal-qaraya məxsus baş və ayaqlar, eləcə də heyvanların digər daxili orqanları aşkarlanıb.

Füzuli Nağıyev- Daşkəsən rayon Baytarlıq İdarəsinin rəis əvəzi: “Elba MMC-nin emal fabrikinə baxış keçirdik. Baxış zamanı soyuducu anbardan 5680 kiloqram mənşəyi və sağlamlığı barədə heç bir sənədi olmayan sümükdən ayrılan ətlər aşkarlanıb”.

Əməliyyat yolu ilə məlum olub ki, heyvanların baş və ayaq hissələri sonradan Kəmərqaya kəndi ərazisindəki zibil poliqonuna atılıb. Həmin poliqondan da xeyli sayda maddi sübut aşkarlanaraq götürülüb. Ətlərdən götürülən nümunələr isə Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Natiq Hüseyn