Gəncədə Böyük Vətən Müharibəsində iştirak edən 15 veteran yaşayır ki, onlara da prezident sərəncamı ilə 1000 manat birdəfəlik yardım göstəriləcək. Şəhərdə vəfat edən döyüşçülərin dul arvadları və arxa cəbhədə fədakar əməyinə görə orden, medallarla təltif edilən 436 nəfər də qələbə günü ərəfəsində sevinəcək. Onlara isə 500 manat ödəniləcək.
72 il bundan əvvəl faşizm üzərində qazanılan qələbədə Gəncədən olan soydaşlarımızın da əməyi az olmayıb. 30 mindən artıq şəhər sakini müharibənin dəhşətlərini, ağrı-acısını yaşayaraq Berlinə qədər zəfər yolu keçib. Onlardan biri də 95 yaşlı Tofiq dayıdır.
Tofiq Hüseynov- Böyük Vətən müharibəsinin iştirakçısı: “1943-cü ildən Avropa dövlətləri Rumuniyanın, Çexiyanın, Yuqoslaviyanın, Avstriyanın azad olunmasında şəxsən iştirak etmişəm. Strateji əhəmiyyətli olan 3 şəhərin azad olunmasında iştirak etdiyimə görə, Stalinin şəxsi imzası ilə 3 təşəkkürnamə almışam. Budapeştin alınması medalı ilə təltif olunmuşam. 1945-ci ildə müharibəni Avstriyanın Vyana şəhərində başa vurduq”.
Veteranlarla keçirilən yığıncaqda igid, mərd gəncəlilərin düşmənin hərbi texnikası və canlı qüvvəsini məhv etdiyi, işğal altında olan yaşayış məntəqələrinin azad olunmasında fədakarlıqlarından danışılıb. İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı olan İsrafil Məmmədovun Gəncədən olması, 2 nəfərin isə yüksək hərbi ada layiq görüldüyü vurğulanıb.
Yusif Məmmədov- Gəncə Şəhər Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Təşkilatının sədri: “Hazırda ruslar özləri də etiraf edir ki, ilk dəfə Berlinə girən bizim azərbaycanlılarımız olub. Döyüşdə qəhrəmanlıqlar göstərib. Bizim çoxlu partizanlarımız Namazov Hümbət, partizan Məmməd, Qəhrəman Əsgərov olub. 15 Respublika içərisində Azərbaycan döyüşçüləri həmişə birinci yerdə gedib”.
Yığıncaqda ölkə prezidentinin veteranlara göstərdiyi diqqət minnətdarlıqla qarşılanıb. İkinci Dünya Müharibəsi iştirakçısı olan Tofiq Hüseynova “Veteran həmrəyliyi” medalı təqdim edilib.
Elnur Vahidoğlu
- Baxış: 533