Zona birinciliyində 17 rayondan sahibinə qələbə qazandıracaq 152 nümunə sərgilənir.
4-cü İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədiylə təşkil olunan rəsm müsabiqəsi respublikanın 6 zonasında uşaq və yeniyetmələrin iştirakı ilə baş tutub. Müsabiqəyə sülh, dostluq, həmrəylik, eləcə də müxtəlif idman növlərini əks etdirən əl işləri buraxılır.
İntiqam Babayev- RMTM-nin şöbə müdiri: “Bu işlərdən 6-9, 10-13, 14-17 yaş olmaqla 3 yaş qrupu üzrə işlər seçilib ayrılıb. Çalışırıq ki, şagirdlərimizdə islam oyunlarına, ümumiyyətlə keçirilən idman oyunlarına olan münasibəti onların öz təsvir etdikləri şəkillərdə, əsərlərdə təbliğ edək”.
Sadalanan kriteriyaları yaratdıqları əsərlərdə daha yaxşı tərənnüm edənlər Gəncə, Naftalan, Ağdam, Şəmkir və Tovuz təmsilçiləri olub. Onlar zona yarışlarının qalibi kimi mayda Bakıda keçiriləcək respublika birinciliyində iştirak edəcəklər.
Aytac Qasımzadə- Tovuzdan olan iştirakçı: “İdmana həvəsim olduğu üçün İslam Həmrəyliyi Oyunlarına rəsm çəkmişəm. Bu rəsmdə mən bəzi məqamları göstərmək istəmişəm. Ancaq mən qısa məzmunlu bir rəsm çəkmişəm. Bütün yarışçılara uğurlar arzulayıram. Ümid edirəm ki, onlar da mənim kimi mükafat qazanar”.
Günəş İsgəndərli- Şəmkirdən olan iştirakçı: “Mən üç ilə yaxındır rəsmlə məşğul oluram. Bu gün də İslam Həmrəyliyi Oyunlarına görə mən şəkil çəkmişəm və münsiflər tərəfindən mükafatlandırılmışam. Bütün idmançılara uğurlar arzu edirəm”.
Zona birinciliyinə təqdim edilən rəsmlər həftə sonuna kimi Gəncədəki Uşaq Yaradıcılıq Mərkəzində sərgilənəcək.
Elton Cabbarlı
- Baxış: 612