• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 993
— 25.04.2017 13:05

Ölkədə kartof əkinçiliyi sahəsində hansı problemlər mövcuddur?

KepezTV Player

Bazarlarda faraş kartof məhsulu artıq satışa çıxarılıb. Ölkə əhalisinin ərzaq səbətində xüsusi çəkiyə malik olan bu məhsulun Azərbaycanda qədim əkinçilik ənənələri var. Ölkədə kartofa olan daxili tələbatın elə daxili istehsal hesabına ödənilməsi də əsas məsələlərdən biridir. Bu sahədə hansı addımlar atılır, hansı problemlər mövcuddur?

Ötən il respublikada 62 min hektardan çox sahədə kartof əkilib, 902 min ton məhsul toplanıb. Məhsuldarlıq bir hektarda 140 sentner, yəni 14 ton təşkil edib. Hazırda adambaşına düşən kartofun miqdarı 48-50 kiloqram təşkil edir. Bu isə onu deməyə əsas verir ki, ölkə üzrə il ərzində 600 min tondan çox kartofa ehtiyac duyulur. Ölkədə kartofa olan tələbat isə 90 faiz ödənilir.

Qurban Əliyev - kənd təsərrüfatı üzrə ekspert: "Ərzaq üçün istehsal olunan kartofun təxminən 60-70 faizini biz yemək üçün istifadə edə bilirik. Qalan 30-40 faiz ərzaq üçün yaramır. Heyvandarlıqda və başqa məqsədlər üçün istifadə olunur. Əldə olunan məhsulun təqribən 10 faizi də toxum üçün götürülməlidir".

Kartof həm ixrac, həm də idxal olunan məhsullar siyahısındadır. Əsasən Rusiya, Türkiyə, Gürcüstan və İrandan gətirilən kartofun keyfiyyəti kimi, qiyməti də yerli kartofa nisbətən aşağıdır.

Satıcı: "Gürcüstandan gələn kartof üstünlük təşkil edir. Həm də çoxusu xarab olur, yaxşı kartof gəlmir".

Satıcı:  "Xaricdən gələn kartoflar Türkiyə, İran, Gürcüstan və Rusiya kartofudur, amma öz yerli kartoflarımız hamısından yaxşıdır".

Satıcı: "Gədəbəy kartofu ağ olur, qırmızı olur. Rənginə görə fərqlənir. Xaricdən gətirilən kartof 80 qəpik - 1 manata satılır. Yerli kartofun qiyməti isə 1.20 - 1.50 AZN arasında dəyişir".

Keyfiyyət məsələsində alıcılar da, satıcılar da həmfikirdir.

Alıcı: "Yerli kartofa üstünlük veririk. Satıcıdan soruşuruq, yerli kartofdursa alırıq. O deyir, biz inanırıq, alırıq".

Alıcı: "Mən xaricdən gələn heç nəyi xoşlamıram. Yerli məhsulla, xarici məhsul arasında fərq çoxdur. Neynirəm xarici kartofu? Öz kartofumuz var, gül kimi".

Narahatlıq doğuran digər bir məsələ xaricdən gətirilən kartofun - texniki sort olma ehtimalıdır. İlk baxışda süfrə kartofu ilə texniki məhsul arasındakı fərqi görmək isə mümkün deyil.

Qurban Əliyev- kənd təsərrüfatı üzrə ekspert: "Baxar, xoşuna gələr. Alar aparar, yaxşı çıxar, amma bu o demək deyil ki, bu düzgündür. Xaricdən gələn bütün məhsul, kartofun özü də, toxumu da, laboratoriya şəraitində yoxlanılmalı, daha sonra satışa çıxarılmalıdır".

Azərbaycanın torpaq, iqlim şəraiti kartofdan ildə iki dəfə məhsul götürmək imkanı verir. Hazırda əsas məqsəd mövcud potensialdan istifadə edərək, ölkənin kartofa olan tələbatını, elə daxili istehsal hesabına ödəməkdir. "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC bu sahədə məhsul bolluğuna nail olmaq üçün avans sisteminin tətbiqinə başlayıb. Tovuzda 8 nəfərə 580 min manata yaxın avans verilməklə 227 hektarda kartof əkininə nail olunub.

Sabir Hacızadə - fermer: "Yerimiz boş qalmışdı. Kartof əkməyi planlaşdırırdıq. Sağ olsun dövlətimiz dəstək verdi. 15 hektar sahədə kartof əkmişik".

Vüsal Hacıyev - fermer: "20 hektar sahədə kartof əkmişik. Kartof sərfəlidir, ona görə əkmişik. Həm sərfəlidir, həm də lazımlı bir şeydir".

Nicat Nəsirli - "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC-nin İctimaiyyətlə əlaqələr və Mətbuat üzrə şöbə müdiri: "Bizim bir neçə məqsədimiz var. Birincisi biz istəyirik ki, o bölgədə kartofçuluq mədəniyyətinə, kartof əkininə yeniliklər gətirək. Çünki biz tək avans verməklə işimizi bitirmirik. Eyni zamanda həmin fermerlərə məsləhət informasiya xidmətinin də göstərilməsini təmin edirik. Bura həm torpağın becərilməsi, həm məhsuldar toxumların əkilməsi və becərilmə dövründə fermerlərə bütün aqronom xidmətlərin göstərilməsi daxildir. Bizim əsas məqsədimiz məhsuldarlığın yüksəldilməsinə nail olmaqdır".

Proqnozlar özünü doğruldarsa, göstərilən dəstək nəticəsində bir hektardan 200 sentiner məhsul götürüləcək.

Yazlıq kartof əkini mart ayının sonlarında yekunlaşıb. Hazırda ərazilərin suvarılması həyata keçirilir. Suvarma- çiləmə üsulu ilə aparılır.

Bu üsul məhsuldarlığa müsbət təsir göstərir. Məhsulun keyfiyyətində isə toxum mühüm rol oynayır. Hazırda əksər fermerlər xaricdən gətirilən toxumlara üstünlük verirlər. Bu məsələ Kənd Təsərrüfatı Nazirliyinin də diqqətindədir.

Murtuzəli Hacıyev -Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi: "Qədim yerli sortlarımız var, genefondumuz var. Bununla əlaqədar olaraq Kənd Təsərrüfat Nazirliyinin tərkibində Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu fəaliyyət göstərir. Məqsədimiz virussuz kartof toxumu yetişdirməkdir və yazın gələcəkdə təbii ki, bizdə kartof toxumuna olan tələbatı tam yerli istehsal hesabına ödəyəcəyik".

Düzgün seçilən toxum keyfiyyətli və bol məhsulun təminatıdır. Məhsul bolluğu isə ixrac imkanlarını artırır. Hazırda ölkədən əsasən faraş kartof ixrac olunur. Xüsusi ilə də Rusiya bazarlarına.

Nicat Nəsirli - "Ərzaq Məhsullarının Tədarükü və Təchizatı" ASC-nin İctimaiyyətlə əlaqələr və Mətbuat üzrə şöbə müdiri: "Biz ASC olaraq planlaşdırırıq ki, ilkin yaz dövründə Azərbaycanın bir çox bölgələrində eyni vaxtda faraş kartofun yetişməsi və bazara çıxması baş verəcək. Biz planlaşdırırıq ki, ilkin yazda, yəni aprel ayından sonra faraş kartof həm ölkənin Cənubunda, həm Qərbində, həm Şimal bölgəsində eyni vaxtda yetişərsə, bu məhsulların yığılmasını, çeşidlənməsini və logistikasını həyata keçirdərək, xüsusən də yaxın Rusiya bazarlarına çıxarılmasını planlaşdırırıq".

Nəticə etibarə ilə deyə bilərik ki, bu il kartof istehsalının ötən ilə nisbətən artacağı gözlənilir. Dövlət tərəfindən avans sisteminin tətbiqi, potensial alıcının olması isə əkinçinin işini asanlaşdıracaq. Qalır, fermerləri yerli və daha keyfiyyətli toxumlarla təchiz edərək, daxili tələbatın tam ödənilməsi və xarici bazarlara "Azərbaycan brendi" altında daha keyfiyyətli məhsulun çıxarılmasını təmin etmək.

 

 

Gülnar Fazilqızı