Gəncədə oğurluq, soyğunçuluq və quldurluq törətməkdə şübhəli bilinən dəstə zərərsizləşdirilib. 6 nəfərdən ibarət qrup üzvlərinin əsas hədəfləri səyyari şəkildə pul mübadiləsi aparan şəxslər olub. Hələlik onların əməlindən zərərçəkənlərin sayı 5 nəfərdir.
Gəncə sakinləri Yaşar Nağıyev və Abbas Abbasov qabaqcadan əlbir olub qrup təşkil edərək Mərkəzi Bazarın yaxınlığında səyyar şəkildə pul mübadiləsi aparan Vilayət Abbasova qarşı soyğunçuluq ediblər. Bir müddət Vilayət Abbasovu izləyən şəxslər onun üzərində pul olmasını bilərək zərərçəkənə məxsus külli miqdarda Azərbaycan manatını və ABŞ dollarını, eləcə də rus rublunu soyğunçuluq yolu ilə ələ keçiriblər.
Fərid Məmmədov- müstəntiq: “Gəncə şəhər BPİ-nin, eləcə də Kəpəz və Nizami rayon Polis İdarələri əməkdaşlarının birgə keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində 19 noyabr 2016- cı il tarixdə Gəncə şəhər Şeyx Bahəddin küçəsində şəhər sakini Vilayət Abbasova qarşı soyğunçuluq hadisəsini törədən şəxslərin Abbasov Abbas Tanrıverdi oğlu və Nağıyev Yaşar Hidayət oğlu olması müəyyən edilib. Hər iki şəxs saxlanılıb. Barələrində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib”.
Saxlanılan şəxslərin ətrafında keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində Yaşar Nağıyevin şəhər sakini Rübayıl Əliyevlə birlikdə 2015-ci ilin dekabr ayında Gəncədə valyuta mübadiləsi ilə məşğul olan Kəmaləddin Əliyevə, eləcə də həmin ilin oktyabr ayında Goranboy sakini Rahib Rzayevə qarşı quldurluq cinayəti törətdikləri də müəyyən edilib. Həmçinin əməliyyat yolu ilə Abbas Abbasovun 2016-cı ilin yanvar ayında tanışı Arif Cəfərovla birlikdə Allahverdi Aslanova məxsus mağazadan oğurluq etməsi də aşkarlanıb.
Fərid Məmmədov- müstəntiq: “Eyni zamanda həmin şəxslər tanışları Əliyev Rübail Zirəddin oğlu ilə birlikdə qabaqcadan əlbir olub qrup təşkil edərək Gəncə şəhəri ərazisində əlavə quldurluq, soyğunçuluq və oğurluq cinayətləri törədiblər. Qeyd edilən şəxslərin əməllərində əlavə cinayət hadisələrinin olub- olmaması tərəfimizdən araşdırılır”.
Araşdırmalar zamanı Abbas Abbasovun tanışları Elgün İsmayıl-Nəcat və Elnur Nəbiyevlə birlikdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində 53 yaşlı İlyas Quliyevə qarşı soyğunçuluq cinayəti törətmələri də müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində Elgün İsmayıl-Nəcat saxlanılıb. Elnur Nəbiyevin barəsində isə axtarış elan olunub. Cinayətkar dəstənin üzvlərindən Yaşar Nağıyev əvvəllər qəsdən adam öldürmə, Rübail Əliyev isə oğurluq və narkotik vasitələrdən qanunsuz istifadə hallarına görə 4 dəfə məhkumluq həyatı yaşayıb.
Natiq Hüseyn
- Baxış: 4442