Qonaqlar əvvəlcə 4 nömrəli məktəbdə tədrisin gedişi, sinif otaqlarında yaradılan şərait, şagirdlərə keçirilən dərslərlə maraqlanıblar. Xarici mütəxəssislər Təhsil Nazirliyi ilə əldə olunan razılaşmaya uyğun olaraq şagirdlərlə fərdi söhbətlər aparıb, onların müasir təhsillə bağlı tələb və təklifləri dinlənilib. Ekspertlər daha sonra Mir Cəlal Paşayev adına 39 nömrəli məktəbdə baş çəkiblər. Burada yaradılan şəraitlə tanış olan qonaqlara kurikulum, inkluziv təhsil, yeni tədris metodları, təmayül siniflər haqqında məlumat verilib. Şagirdlərlə sinif otaqlarında psixoloji test aparılıb, uşaqların gələcək təhsillə bağlı fikirləri dəyərləndirilib. Sonda məktəbin pedaqoji heyəti ilə görüş keçirilib, onların təhsillə bağlı problemlərinin, çətinliklərinin, təkliflərinin Təhsil Nazirliyinə çatdırılması üçün qeydiyyatı aparılıb.
Aleksey Stepanov- Rusiyalı mütəxəssis: “Biz bir qrup təhsil mütəxəssisi Sankt Peterburq şəhərindən Azərbaycanın Təhsil Nazirliyi ilə imzalanan müqaviləyə əsasən gəlmişik. Məqsədimiz ölkənizin şəhər və rayonlarında olan məktəblərdə olmaqla şagirdlərlə, eləcə də müəllimlərlə görüşməkdir. Biz Azərbaycanın müasir təhsil səviyyəsini araşdırmaqla mövcud problemləri üzə çıxarmağa çalışırıq. Araşdırmamız həmçinin nəzəri cəhətdən qəbul edilən təhsil qanunlarının məktəblərdə praktiki olaraq hansı formada tətbiq olunmasını da üzə çıxarmağı qarşıya məqsəd qoyub. Deyə bilərəm ki, Azərbaycan təhsili SSRİ-dən ayrıldıqdan sonra çox müasir formada inkişaf edir və məktəblər günün tələbləri səviyyəsindədir”.
Xaliq Qurbanlı
- Baxış: 1165