• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1563
— 24.04.2017 11:08

Qondarma soyqırım

KepezTV Player

600 ildən çox müddətdə mövcud olmuş Osmanlı imperiyası tarixin uzun bir dövrünə öz qüdrəti ilə möhür vurub. Onun gücü, üç qitədə yerləşən torpaqlara, böyük bir əraziyə nəzarət etməsi imperiyanı xarici qüvvələrin hədəfinə çevirirdi. Rusiya, İngiltərə və Fransa Osmanlı imperiyasının parçalanması üçün planlar qururdu. Onlar çox yaxşı bilirdilər ki, osmanlılara güclü zərbə daxildən vurula bilər. İmperiyanın tərkibində bir çox etnik qruplar olsa da, onları Osmanlıya xəyanət etməyə təşviq eləmək mümkün olmadı, yalnız ermənilərdən başqa. Yüksək vəzifələri tutan ermənilər üçün Osmanlıya xəyanət etmək uzun zamanı idi ki,  gözlədikləri bir addım idi. Onlar üçün bu zəmin isə 19-cu əsrin əvvələrində qoyuldu. Müharibələrdəki ardıcıl məğlubiyyətlər, xarici ölkələrin təzyiqləri Osmanlı imperiyasını daha da zəiflətdi.

Erməni üsyanları

1877-ci ildə imzalanan Berlin traktatı ilə Rusiya Osmanlının daxili işlərinə qarışmaq imkanı qazandı. Ruslardan güc alan ermənilər isə Daşnak və Hnçak partiyalarını qurdular. Əsas məqsədləri siyasi fəaliyyətlə məşğul olmaq yox, qan tökmək idi. “Qan olmadan dövlət qurulmaz” şüarını əsas götürən terror qruplaşmaları ruslar tərəfindən silahlandırıldı. Ardınca isə ilk üsyan baş qaldırdı. 1890-cı ildə Ərzurumda ermənilər tərəfindən əhaliyə divan tutuldu. Yalnız bu üsyanla kifayətlənməyən terrorçular Osmanlının şərq hissəsində talanları, qırğınları davam etdirirdilər. Hətta 1905-ci ildə Sultan İkinci Əbdülhəmidə sui-qəsd hazırladılar. Amma sultan bu hücumdan zərər almadan xilas ola bildi.

Köç

Birinci Dünya müharibəsi illərində rusların tərəfinə keçən ermənilər türk əsgərlərinə qarşı döyüşürdülər. Əli silahlı dəstələr ruslarla bir olub kəndlərə hücum çəkir, türk qanı axıdırdılar. Üsyanın qarşısını almaq üçün 24 aprel 1915-ci il tarixindən Osmanlı hökuməti təşkilatların rəhbərlərini həbs etməyə başladılar. Ardınca isə ermənilərin Suriya və Şəhr-i Zor əyalətlərinə köçürülmələrinə qərar verildi. Ermənilərin rahat göndərilmələri üçün xüsusi qatarlar belə təşkil olundu. Məhz bu köç illər sonra ermənilər tərəfindən soyqırım adlandırılmağa başlandı.

 

Erməni yalanları

Köç edən ermənilərin sayı xarici mənbələrdə 1 milyon, hətta 2 milyon nəfər kimi qeyd olunsa da, heç də belə deyil. Türkiyə arxivlərində qorunan mənbələrə əsasən əyalətlərə göndərilən ermənilərin sayı 450.000 nəfərdir. Dünyaya  baş verənləri soyqırım kimi tanıtmaq istəyən ermənilər dəfələrlə cavablarını alsalar da, həqiqətləri gizlədir, faktlarla danışmaqdan qaçırlar.

Hulusi Akar -Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi:16-cı əsrdə Qalileo dünyanın döndüyünü deyir, amma heç kim buna inanmırdı. Onların inanıb, inanmaması dünyanın fırlanması həqiqətini gizlətmədi. Dolayı olaraq bütün ölkələr də soyqırım oldu desələr də burada soyqırım olmadığı gerçəyi dəyişdirilməz”.

Qondarma soyqırım iddialarını dünyaya car çəkən erməni diasporunun türklərdən 3 tələbi var. Onlar soyqırımın qəbul edilməsini, kompensasiya ödənilməsini və son olaraq Qars, Ərzurum və Vanın ermənilərə verilməsini tələb edirlər. Bu boş tələblərə ən gözəl cavabı isə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan verib.

Rəcəb Tayyib Ərdoğan – Türkiyə Prezidenti: “Çox çirkin bir yanaşmadır, baxın mən 2005-ci ildən məktub yazmışa, yenə deyirəm. Biz arxivlərimizi açdıq, varsa ermənilər də arxivlərini açsınlar. Deyirik ki, tarixçilər gəlsin, arxeoloqlar gəlsin, bir iş görsünlər. Bizim mədəniyyətimizdə soyqırım deyə bir şey yoxdur, biz sənədlərlə danışmağa hazırıq”.

Əfsuslar olsun ki, erməni lobbisi 29 ölkəni öz yalanlarına inandırmağı bacarıb. Bu ölkələr “qondarma soyqırımı” tanıyıb. Türklərdən öz uydurduqları, qondarma soyqırıma görə haqq tələb edən ermənilərin Xocalıda törətdikləri qətliam, müxtəlif vaxtlarda Azərbaycanın müxtəlif bölgələrində həyata keçirdiyi qırğınlar, işğalla bağlı isə dünya birliyi hələ də susur.