• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1032
— 21.04.2017 15:43

Gəncədə Qafqazın ən böyük kəsim və dərinin emal kompleksi inşa olunur

KepezTV Player

Qafqazın ən böyük kəsim və dərinin emalı kompleksi Gəncədə inşa olunur. Gələn ilin ortalarına istifadəyə veriləcək kompleksdə kəsilən heyvan və quş əti daxili bazarla yanaşı xaricə də çıxarılacaq. Mütəxəssislər bunu həm də qida təhlükəsizliyi nöqteyi- nəzərindən dəyərləndirir.

Heyvanın kəsimi və ət məhsullarının emalının mərkəzləşdirilməsi bu gün respublikada pərakəndə satışın aradan qaldırılmasına imkan yaradır. Eləcə də vacib məqam olan qida təhlükəsizliyinin təmininə imkan verir. 

Qalib Əbdüləliyev -Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri: “Heyvanlara həm kəsimdən qabaq, həm də kəsimdən sonra bütün məhsullara cəmdəyə, süd məhsullarına baytarlıq sanitariya nəzarəti həyata keçirilməlidir. Bu beynəlxalq tələbatın ödənilməsi üçün təbii ki, heyvan kəsimi müəssisələrinə ciddi ehtiyac var”.

Ehtiyac nəzərə alınaraq Gəncədə  3,5 ha ərazidə 7 istehsal sexi olacaq, ət kəsimi və emalı kompleksi inşa edilir. Beynəlxalq standartlara uyğun qurulan müəssisədə gün ərzində 600 baş xırda və 400 baş iri buynuzlu, 25 min baş quşun kəsilərək emalına imkan yaranacaq.

Səbuhi Cahangirov -direktor müavini: “Ərəb Əmirlikləri, Rusiya, İran çoxlu ət alır və ətə tələbat var. Biz bu layihəni planlaşdıranda ətraf qonşuların standartlarını nəzərə almışıq. Hətta onları dəvət etmişik. Rusiya baytarlıq idarəsinin, İran İslam dövlətinin baytarlıq idarəsinin nümayəndələri burada olub. O, standartlara uyğun kəsim inşa olunur ki, gələcəkdə istehsal olunan məhsulun 60-65 faizi xarici bazara göndərilsin”.

Xarici standartlara uyğun məhsul istehsalına imkan verən kompleksdə əksər avadanlıqların quraşdırılması yekunlaşmaq üzrədir. İlkin mərhələdə yerli, tam gücü ilə işləyəndən sonra isə xaricdən də kəsim üçün heyvan gətiriləcək müəssisədə heyvanların müvəqqəti saxlanması üçün ferma da inşa olunur.

Səbuhi Cahangirov -direktor müavini: “Qida təhlükəsizliyi və standartlara uyğun olaraq kəsimə gələn heyvanlar 45 gün karantində saxlanmalıdır. Biz kəsim kompleksin içində laboratoriya qurmuşuq, avadanlıqlar alınıb montaj işi gedir. Kənarda isə 400 baş heyvanın saxlanması üçün fermanın tikintisi həyata keçirilir”.

 Kompleksdə çalışacaq mütəxəssislərin peşəkarlığının artırılması üçün 8 nəfər xaricdə kurslara cəlb edilib. Gələn il tam gücü ilə fəaliyyətə başlayandan sonra burada 220 nəfərin çalışacağı planlaşdırılır.

Elnur Vahidoğlu