• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1235
— 21.04.2017 12:42

Yol qəzalarında 6 nəfər xəstəxanalıq oldu

KepezTV Player

Yol qəzaları bu dəfə də cana və mala zərərlə nəticələndi. Məkanlar, avtomobillər və insanlar fərqli olsa da, göründüyü kimi sonuc eynidir. Odur ki, ehtiyat sürücülərin də, piyadaların da yaraşığı olmalıdır, amma təəssüf ki, deyil.


Paytaxtın Binəqədi rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə Sulutəpə qəsəbəsi ərazisində qeydə alınıb. Taksilərdən biri qəfildən yüksək sürətlə hərəkətdə olan “Mercedes”in qarşısına çıxıb. Nəticədə “Mercedes”in sürücüsü idarəetməni itirib, nəticədə maşın əvvəlcə taksiyə dəyib, sonra çevrilərək işıq dirəyinə çırpılıb. İçərisində olan 3 nəfər və taksinin sürücüsü xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Taksi sürücüsünün vəziyyəti qənaətbəxş olduğundan ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. Digər 3 nəfər isə tibb müəssisəsinin reanimasiya şöbəsinə yerləşdirilib. Sabunçu rayonu Bakıxanov qəsəbəsində də yol-nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı avtomobil 72 yaşlı Zərifə Məmmədovanı yolu keçərkən vurub. Sürücü piyadanı özü 3 saylı şəhər xəstəxanasına aparıb. Polis əməkdaşları qəza yerinə baxış keçiriblər, sürücünün ifadəsi alınıb. Avtomobil cərimə meydançasına aparılıb. Sabunçu rayonu Zabrat qəsəbəsi ərazisində isə 63 yaşlı Şərqiyyə Ağayevanı avtomobil vurub. Sürücü hadisə yerini tərk edib. Yaralı ətrafdakı insanların çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb. Həkimlər Şərqiyyə Ağayevada sınıq xəsarətlərinin olduğunu bildiriblər. Hadisə barədə polisə məlumat verilib. Qəzanı törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Zülfiyyə Telmanqızı