Oğurluq bir ayıb, onun necə və hansı tərzdə törədilməsi isə başqa bir ayıb. Bu dəfəki oğruların hədəfi insanların təsəlli yeri nəzir qutuları olub. Nə dərəcədə ağlagələndi deyə bilmərik, amma hər zaman təəccüblü məqamların şahidi olduğumuz da aşikardır. Dələduzların hədəfi nəzir qutusuyla yekunlaşmayıb..
Qubada oğurluqla məşğul olan qrup zərərsizləşdirilib. Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 19-da rayon sakini Natiq Musayevin cibindən 300 manat pul oğurlamaqda şübhəli bilinən həmyerliləri - Qalib Əlibəyov və Sadiq Əmrəliyev tutulublar. Ətraflarında aparılan tədbirlərlə onların həmin gün şəhər sakinləri Asif Əsgərov, Taleh Atakişiyev, Murad Məmmədov və Elçin Əliyevlə birgə rayon ərazisindəki məscidlərdən birindəki nəzir qutusundan 300 manat pul oğurlamaları, habelə rayon sakini Natiq Kərimovun "VAZ-2106" markalı avtomobilini qaçırmaları da müəyyən edilib. Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan qadının daha bir cinayətinin üstü açıldı. Gülnarə Novruzovanın ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Yasamal RPİ 26-cı PB və Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun aprelin 4-də Bakı şəhər sakini olan bir qadının çantasından 9700 manat pul oğurladığı da müəyyən edilib. Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə aprelin 11-də Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının qəbul şöbəsindən kompyuter monitoru oğurlamaqda şübhəli bilinən şəhər sakini İlkin Bünyatov tutulub. Ətrafında aparılan tədbirlərlə onun şəhər sakinləri olan 3 nəfərin pul və mobil telefonlarını oğurladığı da müəyyən edilib. Bütün faktlarla bağlı araşdırmalar aparılır.
Zülfiyyə Telmanqızı
- Baxış: 1288