• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1050
— 20.04.2017 16:53

MDB ölkələrinin aparıcı ali aqrar təhsil müəssisələri rektorlar şurası Gəncədə toplaşıb

KepezTV Player

9 ölkədən 22 nümayəndə, aqrar elm üzrə mütəxəssislər 3 gün ərzində bitki mühafizəsi və kadr hazırlığı ilə bağlı təcrübə mübadiləsi aparmaq və elmi yeniliklərdən yararlanmaq imkanı əldə edib. İclasın Gəncədə keçirilməsi ölkə alimləri və fermerlərinin də işinə töhfədir.

Hər il zərərvericilər və müxtəlif xəstəliklər ucbatından məhsulun 35 faizdən çoxu məhv olur. Dünyada əhalinin sayının sürətlə artımı fonunda bitkilərin mühafizəsi önəm daşıyır. Elə bunu əsas tutaraq MDB ölkələrinin ali aqrar təhsil müəssisələri aqrar-sənaye kompleksi üçün bitki mühafizəsi üzrə kadr hazırlığı mövzusunda bir araya gəlib.

İbrahim Cəfərov- Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru: "Fakt ondan ibarətdir ki, bugünki innovasiyalar dünya əhalisini ərzaqla tam təmin edə bilmir. Onun əsas səbəblərindən də biri dünya ölkələrində bitki mühafizəsinin vəziyyətinin gərgin olmasıdır. Gəlişin də əsas məqsədi ondan ibarətdir ki, bu mürəkkəb məsələləri ən azından MDB məkanında biz təmin edə bilək”.

Burada xəstəlik və zərərvericilərə qarşı mübarizə qədər əhalinin ekoloji təmiz məhsullarla təmini də ölkələrin diqqət etdiyi vəzifədir. Ona görə şura iclasında fitosanitariya, bitkilərin mühafizəsi ilə bağlı tətbiq edilən yeniliklər barədə danışılıb.

Tlektes Yespolov-Qazaxıstan Milli Aqrar Universitetinin rektoru, MDB ölkələrinin aparıcı aqrar təhsil müəssisələri rektorlar şurasının sədri: “Qaldırılan məsələlər bir ölkə üçün deyil, şuraya üzv olan bütün dövlətlər üçün aktualdır. Təbii ki, burada təhsil, elmi tədqiqatların aparılması ilə bağlı məsələlər də diqqətdə olub. Deyə bilərəm ki, gələn ildən Aqrar Universitetin tələbələri Qazaxıstanda, eləcə də bizim ölkədən olan tələbələr Gəncədə təhsil almaq imkanı qazanacaq".

MDB ölkələri üçün ixtisaslaşmış ali təhsil ocağı olan, 150 illik tarixə malik Timiryazev adına Rusiya Dövlət Aqrar Universiteti ilə əməkdaşlığa da xüsusi yer ayrılıb. Aqrar sənaye kompleksi üçün mütəxəssislərin formalaşmasında əhəmiyyətli rol oynayan bu ali təhsil ocağı öz təcrübəsini yerli mütəxəssislərlə də paylaşır.

Yevgeni Koşkin- Rusiya Dövlət Aqrar Universitetinin prorektoru: “Ötən gün Timiryazev akademiyasında bu sahəyə, xüsusi ilə də pomidor və xiyar bitkilərində rast gəlinən xəstəliklərə həsr olunan ustad dərsləri təşkil olunmuşdu. Orada Azərbaycandan olan fermerlər də iştirak edirdi. Bu ustad dərslərində qeyd olunan məhsullarda rast gəlinən xəstəliklərin eyniləşdirilməsi haqqında məlumatlar verilib”.

Aktuallığı baxımından önəm daşıyan tədbirdə səslənən təklif və tövsiyələr iştirakçı ölkələrin aqrar sektorundakı tətbiq baxımından nəzərə alınacaq.

Amonulla Salimzoda- Tacikistan Dövlət Aqrar Universitetinin rektoru: “Bitkilərin mühafizəsi üzrə kadrların hazırlanması aqrar ölkə olan Tacikistan üçün də əhəmiyyətlidir. Burada əldə etdiyimiz təcrübənin tətbiqi məhsuldarlığın artırılması, zərərvericilərə qarşı mübarizə baxımından mühümdür. Əldə edilən razılaşmaların işlək olması, mübadilə proqramlarının icrası əməkdaşlıq baxımından yeni imkan açır”.

Stanislav Nikolayenko- Ukrayna Milli Bioresurslar və Təbiətdən İstifadə Universitetinin rektoru: “Qrup halında toplaşıb nəyisə müzakirə etmək, təcrübəni bölüşüb çətinliklərdən çıxış yolunu götür-qoy etmək olduqca vacibdir. Texnoloji yeniliklərin tətbiqi, müasir elmi yanaşmanı sahəyə, fermerə çatdırmaq lazımdır. O üzdən Ukrayna MDB-nin üzvü olmasa da belə tədbirdə iştirak etməyə bilməzdi”.

2003-cü ildə təsis edilən MDB ölkələrinin aparıcı aqrar universitetlərinin rektorlar şurası ildə iki dəfə toplanır. Növbəti iclasda baytarlıqla bağlı problemli mövzular gündəlikdə olacaq. Heyvandarlıq məhsulları ilə ölkə əhalisini təminat MDB çərçivəsində müzakirə olunacaq. İclasın yekunu olaraq MDB ölkələrinin aparıcı aqrar universitetləri əməkdaşlığın davamlılığı ilə bağlı razılıq əldə ediblər.

Jalə Qurbanova