• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1165
— 20.04.2017 12:37

Ağır yol qəzaları ölüm və xəsarətlə nəticələndi

KepezTV Player

Qəza yenə gəlirəm demədi. Yollar qan gölünə döndü. Ağır yol-nəqliyyat hadisələri ölüm və xəsarətlə nəticələndi.

Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib. Ələt-Astara yolunun Gərmətük kəndi ərazisindən keçən hissəsində kənd sakini 41 yaşlı Anar Vəliyevi yolu keçmək istəyərkən avtomobil vurub. Ağır xəsarətlər alan kişi hadisə yerində keçinib. Ucar-Zərdab yolunun Ucarın Qazyan kəndindən keçən hissəsində də yol-nəqliyyat hadisəsi qeydə alınıb. “Mercedes” markalı maşınla “VAZ 21011” markalı avtomobil toqquşub. Nəticədə “VAZ”da olanlardan Zərdab rayon sakini, 33 yaşlı Adışirin Sadıqov hadisə yerində ölüb. O, Zərdab Suvarma Sistemləri İdarəsinin keçmiş rəisinin oğludur. Ucar rayonunun Qazyan kənd sakini, 60 yaşlı Nizami Manafov və Zərdab rayon sakini, 51 yaşlı Cavanşir Mürşüdov isə xəsarət alıb. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Daha bir ağır yol qəzası Bakı-Qazax yolunun 198-ci km-də, Ucar rayonu Müsüslü kəndində baş verib. Bakıdan Gəncəyə hərəkət edən “Mercedes Vita” markalı mikroavtobus idarəetmədən çıxaraq yol kənarına aşıb. Nəticədə nəqliyyat vasitəsində olan şərnişinlər - Gəncə şəhərində məskunlaşmış Kəlbəcərli məcburi köçkünlər, 44 yaşlı Aybəniz Musayeva, 49 yaşlı İlqar Abbasov, 46 yaşlı Vidadi Abbasov, 50 yaşlı Fərrux Abbasov, 65 yaşlı Osman Həsənov və Göygöl rayon sakini, 54 yaşlı Rəbiyə Əliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Paytaxtın Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Yüksək sürətlə hərəkətdə olan "KİA" qarşısı ilə gedən "VAZ 2104" markalı avtomobilə çırpılıb. "KİA" zərbənin gücündən çevrilib, sürücüsü isə xəsarət alıb. O, hadisə şahidlərinin köməkliyi ilə avtomobildən çıxarılaraq xəstəxanaya çatdırılıb. Avtomobillər cərimə meydançasına yerləşdirilib. Faktlarla bağlı araşdırma aparılır.
 

Zülfiyyə Telmanqızı