• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1292
— 18.04.2017 18:45

Yollarda baş verən qəzalar ölüm və xəsarətlərə səbəb oldu

KepezTV Player

Yollar yenə də can aldı, idarəetmədən çıxan avtomobil Göyçayda bir nəfərin ölümünə səbəb oldu. Göygöl və Gəncədə baş verən qəzalarda isə ölüm olmasa da, xəsarət alanlar var. 

Göyçay rayonunun Xəlitli kəndində ölümlə nəticələnən avtomobil qəzası baş verib. Rayonun Çayarxı kənd sakini, 38 yaşlı Xəyal Məmmədov  “Toyota Camry” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq su arxına düşüb.  Sürücü aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Qeyd edək ki, Xəyal Məmmədov Göyçay rayon Polis Şöbəsinin Pasport Qeydiyyat Şöbəsinin rəisi vəzifəsində çalışıb və bir ay öncə işdən azad edilib. 
Bakı-Qazax magistral yolunun Göygöl rayonunun Balçılı kəndi ərazisindən keçən hissəsində də yol qəzası qeydə alınıb. Tovuz rayonunun Əyyublu kənd sakini, 37 yaşlı Ramil Sarıyev “VAZ 2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yolun kənarında olan maneəyə çırpılıb. Xəsarət alan sürücü Gəncədəki özəl xəstəxanalardan birinə çatdırılıb. 
Daha bir qəza Gəncənin Gülüstan qəsəbəsində olub. “QAZ-24” markalı avtomobillə “KİA” markalı maşın toqquşub. Nəticədə “QAZ-24”də olan sərnişin, Gəncə şəhər Cavadxan qəsəbə sakini 39 yaşlı Elduz Novruzov xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, daha sonra ambulator müalicəyə buraxılıb. Faktlarla bağlı araşdırmalar aparılır.

Zülfiyyə Telmanqızı