• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1486
— 18.04.2017 15:56

Göygöl Olimpiya İdman Kompleksində karate üzrə “Qərb Kuboku” turniri keçirilib

Yarışda yerli idmançılarla yanaşı, Gürcüstan təmsilçiləri də iştirak edib.Turnirin rəsmi açılış mərasimində Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov Azəbaycanın dünyada karate ölkəsi kimi tanınmasından, idmançılarımızın beynəlxalq arenada sıraladığı uğurlardan söhbət açıb. Yarışın bədii hissəsi bir-birindən maraqlı rəqs nömrələri və karateçilərin nümunəvi çıxışları ilə yadda qalıb. Daha sonra döyüşlər başlayıb.

Bu dəfə İslam Həmrəyliyi Oyunlarına həsr olunan açıq kubokda xarakterinə uyğun olaraq  qərb regionunun şəhər və rayonları ilə birlikdə Bakı, Ağcabədi, Bərdə və Tbilisi karateçiləri qüvvəsini sınayıb. Bu zonadan isə Gəncə, Göygöl, Samux, Şəmkir, Tovuz, Ağstafa və Qazax idmançıları tatami üzərinə çıxıb. 3 yaş qrupu və 12 çəki dərəcəsində 170 döyüşçü mükafatlar uğrunda mübarizə aparıb.

“Qərb Kuboku” ənənəvi turnirlərdən hesab olunur. Belə ki, artıq bu yarış sayca 4-cü dəfədir ki, təşkil olunur.

İlk dəfə 2003-cü ildə keçirilən kubok uğrunda yarışlar daha sonra müəyyən fasilələrlə 2007 və 2011-ci illərdə təşkil olunub.

Sahib Rzayev- AKFA-nın Gəncə bölgəsi üzrə sədri: “Gəncə şəhəri və Qərb regionu Azərbaycan yığma komandasının heyətində çoxlu sayda idmançı ilə təmsil olunur. Zonamızda bu yarışı keçirməklə qarşıdakı yarışlar üçün seçim edirik”.

Qızlar və oğlanlar arasında keçirilən turnirdə mükafatçılar kata və kumite üzrə müəyyənləşib. Fərdi mübarizələrlə bərabər komanda kumite yarışı da baş tutub. Komandaların mübarizəsində Gəncə karateçiləri finalda bakılı rəqiblərini məğlub edərək birinci olublar. Üçüncü yerə Tbilisi layiq görülüb. Nizami yurdunun təmsilçiləri fərdi yarışlarda da ən çox medala sahib olaraq digərlərindən fərqləniblər.

Azad Rəfi