• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1239
— 17.04.2017 16:01

ABŞ səfirliyi Azərbaycanla diplomatik əlaqələrin qurulmasının 25 illiyini qeyd edir

KepezTV Player

Bu münasibətlə Gəncə Uşaq Yaradıcılıq Mərkəzində amerikalı caz ifaçısı Qabriel Stavelli konsert proqramı ilə çıxış edib.

Gəncəliləri elə gəncəli sayağı salamlayan Qabriel Stravelli bir neçə saat sonra musiqi sevərləri cazın əsrarəngiz sehrinə salacaq... Amerikalı caz ifaçısı öz qrupu ilə birlikdə konsert proqramı ilə çıxış etmək üçün Gəncədə məşq prosesi keçir. Qabriel Stravellinin musiqisevərlərə bir sürprizi də var, amma bu haqda bir azdan danışacağıq...

Artıq hazırlıqlar bitib... Dünya şöhrətli musiqiçi tamaşaçıları səsinin sehrinə salacağı anı gözləyir. Azərbaycan tamaşaçısı qarşısında çıxış etməyin həyəcanına bələd olaraq...
 

Qabriel Stravelli- amerikallı caz ifaçısı:  "Yenidən Azərbaycanda olmaq çox xoşdur. Biz iki il əvvəl də bu ölkədə olmuşduq və möhtəşəm konsert proqramı ilə çıxış etmişdik. Bu dəfəki səfərim daha çox xoşuma gəldi. İlkində sadəcə Bakını görmüşdüm. İndi Gəncə ilə də tanış oldum".

 Musiqi səslənir və konsert başlayır. "Fərdi expressiyanın təcəssümü" adlandırılan Qabriel Stravelli lirikası musiqisevərlər tərəfindən alqışlarla qarşılanır. O isə tamaşaçılarını elə də çox intizarda saxlamır... Bu da bir az əvvəl bəhs etdiyimiz sürpriz... "Saçlarına gül düzüm"

Caz qrupu Gəncədən əvvəl Bakı, Xaçmaz, Salyan və Kürdəmirdə konsert proqramı ilə çıxış edib. Azərbaycanlı ifaçılarla birlikdə, Azərbaycan musiqisinin ifa olunması isə bir növ ənənə halını alıb.

Qabriel Stravelli- amerikallı caz ifaçısı: " Biz burada həm Amerika musiqisini təbliğ edirik, həm də Azərbaycan musiqisini öyrənirik. "Saçlarına gül düzüm" repertuarıma əlavə etdiyim ikinci Azərbaycan mahnısıdır. İlk ifa etdiyim isə "Laçın" olub. Mən bir məsələni də qeyd etmək istəyirəm. Amerika cazı ilə Azərbaycan musiqisinin sintezi çox gözəl alınır, çox möhtəşəm səslənir ".

Azərbaycan və Amerika arasında qurulan əlaqələr bundan sonra da genişləndiriləcək. Bunu isə ABŞ səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Emi Pitersen qeyd edib.

Emi Pitersen- ABŞ səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri: "Gəncə şəhərinin Mərkəzi Kitabxanasında Amerika Mərkəzi fəaliyyət göstərirdi. Biz Mədəniyyət və Turizm Nazirliyi ilə danışmışıq. Həmin mərkəzlər yenilənəcək. Bu da həm azərbaycanlılara, həm Amerika haqqında daha geniş məlumat almağa, həm də ingilis dilini daha dərindən öyrənməyə imkan verəcək".

Amerikalı cazmenlər ARB “Kəpəz”-in “İşgüzar” verilişinin də qonağı olublar.

 

Gülnar Fazilqızı