Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun oyunları çərçivəsində “Kəpəz”in qonağı olan “Qəbələ” Nizami yurdundan məğlubiyyətlə dönüb. Oyuna fəal başlayan və açıq futbol oynayan tərəflər ilk hissədə ələ düşən imkanlardan yararlanmaqda çətinliklə üzləşiblər. Bir neçə epizodda qapıçıların və ya oyunçuların qeyri-dəqiqliyi hesabın açılmasına mane olub. İkinci hissədə isə azarkeşlər komandaların qarşılıqlı hücumlarına şahidlik ediblər. Xüsusən də, “sarı-göylər” ardıcıl təhlükəli hücumlarla rəqibə şok yaşadıblar. Hesab isə 70-ci dəqiqədə dəyişib. Rasim Ramaldanovla ikili mübarizədən qalib çıxan Julian Ebah topu qapıdan keçirib. Bundan sonra qonaqlar hesabı bərabərləşdirmək üçün hücuma keçiblər. Amma qol vurmaq mümkün olmayıb. Əvəzində isə oyuna əlavə olunmuş 4-cü artırma dəqiqəsində matçın ən fəallarından biri olan Dario Frederiko oyunda son nöqtəni qoyub. Bununla da "Kəpəz"in Avroliqaya vəsiqə qazanmaq şansını saxlayıb.
Roman Qriqorçuk - "Qəbələ"nin baş məşqçisi: ““Mən Kəpəz”in məşqçisi və komandanı ilk növbədə təbrik etməliyəm. Onlar yaxşı oynadılar və gözəl qələbə qazandılar. Bu gün rəqib bizdən güclü oldu. Bu, mövsümdə yeganə görüşdür ki, oyuna görə də rəqibə uduzduq. Bunu qəbul edib, təhlil aparmaq və nəticə çıxarmaq lazımdır. Cari mövsümdə belə halla üzləşməmişdik. Məğlubiyyətin səbəblərindən biri psixoloji, emosional cəhətdən hazır olmamağımız idi”.
Şahin Diniyev - "Kəpəz"in baş məşqçisi: “Bu gün komandamız iki mövsüm ərzində ən yaxşı oyununu sərgilədi. Xal itirə bilməzdik. Çempionatın son dörd matçını qələbə ilə başa vurmalıyıq ki, Avropa Liqasına vəsiqə qazanmaq şansımız olsun. Artıq iki oyunda qələbə qazandıq. Komandanın oyunundan zövq aldım, futbolçulardan tam razıyam, istədiyim futbolu oynadılar. Komanda ilə fəxr edirəm. Müdafiədən hücuma atılanda irəli xətdə çoxluq yaratmağımız xoşuma gəldi. Meydanın mərkəzində rəqibi təzyiq altında saxladıq. Qələbə haqqımız idi. “Qəbələ” də güclü kollektivdir, onlara qitə miqyaslı turnirlərdə uğurlar arzulayıram. Rəqib meydandan və ondan kənarda əsl centlmen kimi davrandı”.
Azad Rəfi
- Baxış: 630