• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1206
— 17.04.2017 12:18

Gəncədə yaşayan provaslavlar Pasxa bayramını qeyd edirlər

KepezTV Player

Bütün dünyada olduğu kimi, tolerantlıq məkanı sayılan Azərbaycanda da Pasxa bayramı qeyd olunub. Qərb bölgəsində yaşayan pravoslavlar aprelin 16-sı gecə saatlarından başlayaraq Gəncədəki Aleksandr Nevski kilsəsinə toplaşıb, İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsini bayram ediblər.

Gəncədəki Aleksandr Nevski kilsəsində hər il olduğu kimi, bu il də pravoslavların duaları yüksəlib. Gecə saatlarından başlayan dini ayinlər gündüz də davam edib.

Şamlar yandırılıb, dualar oxunub, vacib sayılan bir sıra dini ayinlər icra edilib. Pasxa İsa Məsihin çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibəti ilə qeyd edilən bayramıdır. Xristianların inancına əsasən bu hadisə təxminən 2000 il bundan əvvəl baş verib.

Gülnarə Talıbova- Gəncə sakini: "Biz Pasxaya xüsusi olaraq hazırlaşırıq. Bayramdan əvvəl 40 gün oruc tutulur. Pasxaya bir həftə qalmış, sonuncu bazar və ya şənbə günü də xüsusi olaraq qeyd edilir. Pasxa günü isə hər kəs rəngli paltarlar geyinib, sevinir, bayram edir. Xilas olunduğumuza sevinirik. Çünki İsa Məsih həqiqətən də, belə demək mümkünsə, bütün günahlarımızı öz üzərinə götürdü".

Dini ayinlərin icrası başa çatdıqdan sonra pravoslavlar Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan bayram süfrəsi ətrafında bir araya gəliblər. Bayram süfrəsinə xüsusi hazırlanan təamların düzülməsi də "Pasxa"nın əsas özəlliklərindən biridir.

Gülnarə Talıbova- Gəncə sakini: "Süfrəyə qoyulan xüsusi təamlardan biri kəsmikli pasxadır. O, kəsmik, xama və kərə yağı kimi məhsullardan hazırlanır. Xüsusi formaya salınır və üzərinə X, V hərfləri, həmçinin xaç işarəsi çəkilir. Süfrədə gördüyünüz digər təam isə kuliçdir. O, çox çətin hazırlanan bir şirniyyatdır. Xanımlar necə deyərlər, onun nazı ilə oynayırlar. Xəmirə kişmiş əlavə olunur. Üzərinə isə yumurtanın ağından hazırlanan zefir tökülür və bəzədilir".

Bayram süfrəsinə boyanmış yumurta və şərab da qoyulur. Pasxadan sonra 50 günlük “Pasxa fəsli” adlı dövr başlanır. Həmin dövr isə Müqəddəs "Üçlük Günü" ilə başa çatır.

 

Gülnar Fazilqızı