• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 754
— 14.04.2017 13:10

Gəncədə ilk dəfə olaraq futnet üzrə turnir keçirilib

KepezTV Player

Yarış Azərbaycan Dövlət Aqrar Universitetində idman zalında baş tutub.

Yeni yaradılan Azərbaycan Futnet Assosiasiyasının təşəbbüsü ilə düzənlənən turnir “Gəncə kuboku” adlanıb. Yarışda 8 komanda çıxış edib. Nizami yurdunun təmsilçiləri ilə yanaşı, Tovuz kollektivləri də açıq xarakter daşıyan kubokda qüvvəsini sınayıb.

Əfqan Həmzəyev- Azərbaycan Futnet Assosiasiyasının baş katibi:  “Bu yarışları regionlarda və Bakıda keçirməkdə məqsədimiz futneti təbliğ etmək, populyarlıq qazanmasına nail olmaqdır. Çalışırıq ki, daha çox insan bu növlə məşğul olsun. Gəncədə ilk dəfə yarış keçirilir. İlklər həmişə çətin olur, uşaqlar yenidirlər, yavaş-yavaş alışmağa çalışırlar”.

Ölkəmizdə yeni olan futboltennis idman növü 1922-ci ildə Çexoslovakiyada yaranıb. Qısaca olaraq futnet kimi adlandırılan bu növ sırf ayaqla tennis oyunudur. Azərbaycanda futnetə oxşar oyunlarla hələ keçmiş sovet dövründə məşğul olublar. Peşəkar səviyyədə isə futnet 2016-cı ildən oynanılır. Yeni olmasına baxmayaraq artıq gənc nəslin bu idman növünə marağı hiss olunur.

Vüsal Həmidzadə- “Bozalqanlı” komandasının üzvü: “Bu idman növü Azərbaycana yeni gəlib, xoşdur bizim üçün. Boş vaxtımızı səmərəli keçirməyə çalışırıq. Maraq var, uşaqlar daha yaxşı oynamağa çalışırlar”.

“Gəncə kuboku”nun mükafatçısı olan komandalar Azərbaycan çempionatına vəsiqə qazanıblar. Respublika yarışı mayın sonlarında Bakıda keçiriləcək.

Azad Rəfi