• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1045
— 12.04.2017 16:42

Gəncədəki yəhudilər Pesax bayramını qeyd edirlər

KepezTV Player

Aprelin 10-dan başlayaraq dünya yəhudiləri Pesax bayramını qeyd etməyə başlayıblar. Ölkəmizin qərb regionunda yaşayan yahudilər də Gəncədəki Yəhudi Dini İcmasında bir araya gəliblər. Əməkdaşımız Gülnar Fazilqızı onlarla birlikdə bayram süfrəsinə əyləşib, "Pesax"ın əsas atributlarından sayılan "Matsa"dan dadıb.

Əsrlər əvvəl yəhudilərin Misir fironunun zülmündən xilas olmalarını simvolizə edən "Pesax" ən mühüm bayramlarından biri hesab edilir. Bayram İsraildə - 7, İsraildən kənarda isə 8 gün davam edir. Bu günlər ərzində müxtəlif dini ayinlər icra olunur, bayram süfrəsinə xüsusi təamlar düzülür.

Acı göylər süfrəyə vaxtı ilə İsrail xalqının yaşadığı acı günlərin göstəricisi olaraq qoyulur. Bayram təamlarının başında isə "Matsa" dayanır. "Matsa" mayasız və duzsuz xəmirdən hazırlanan bir təamdır. Pesax bayramı müddətində çörək yemək qadağan olduğundan, onu məhz "Matsa" əvəz edir.

Ancaq "Pesax" bayramında süfrəyə qoyulan bu nemət İsrail, Rusiya, Gürcüstan, Ukrayna və Belarusda hazırlanır. Satışa çıxarılmır və bayram ərəfəsində pulsuz olaraq paylanılır.
 

"Matsa" dadı ilə bir növ Azərbaycan lavaşını xatırladır. Əsas özəlliyi bir neçə il xarab olmadan saxlanıla bilməsidir.

Bəzi hallarda bayram süfrəsinə duz da qoyulmur. Onu duzlu su əvəz edir. Bununla yanaşı "Pesax" günlərində turş və şirin təamlar da yemək məqbul sayılmır. Meyvə şirələrindən isə süfrədə yalnız üzüm suyu yer alır. Bayram süfrəsinə qonaq olub, buradakı səmimi abu-havanı görmək bizi bir daha əmin etdi ki, multikulturializm Azərbaycanda sadəcə dövlət siyasətinin önəmli bir hissəsi deyil, eyni zamanda yaşam tərzidir.

Gülnar Fazilqızı