Dövlət İmtahan Mərkəzi aprelin 9-da ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına, rezidenturaya qəbul imtahanının birinci mərhələsini, həmçinin rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili fənnindən imtahan keçirib. Magistratura imtahanı respublikanın 5, Azərbaycan dili imtahanı isə ölkənin 10 şəhərində təşkil olunub. Gəncədə bu məqsədlə 5 bina ayrılmışdı.
Gəncədə 578 abituriyent Azərbaycan dili fənnindən imtahan verib. İmtahan bir binada, Gəncə şəhər 39 saylı tam orta məktəbdə təşkil olunub.
Vüqar Əsgərov-DİM-in Gəncə Regional Bölməsinin aparıcı məsləhətçisi: “İmtahan müddəti 45 dəqiqədir. İmtahan başlayandan 15 dəqiqə müddətinə abituriyentlərin gecikməsinə icazə verilir. İmtahan qurtaranadək, onların otaqdan çıxmalarına icazə verilmir. İmtahanda cavab kartları və sual kitabçaları yığılır”.
Azərbaycan dili fənnindən növbəti imtahan iyunun 11-də təşkil olunacaq. Burada 31 mart tarixindən sonra qeydiyyatdan keçən və ilk imtahanda qeyri-məqbul qiymət alan abituriyentlər iştirak edəcək. Magistr olmaq istəyən bakalavrların bilikləri isə şəhər üzrə 4 binada sınağa çəkilib. İmtahanlarda iştirak etmək üçün 1070 nəfər qeydiyyatdan keçib və onlardan yalnız ikisi imtahana gəlməyib. Bakalavrlar iki saat 30 dəqiqə ərzində 50-si məntiq, 25-i informatika, 25-i xarici dil olmaqla, ümumilikdə 100 test tapşırığını cavablandırmağa çalışıblar.
Vüqar Əsgərov- DİM-in Gəncə Regional Bölməsinin aparıcı məsləhətçisi: “İmtahanların təşkili üçün 15 imtahan rəhbəri və 126 nəzarətçi müəllim ayrılıb”.
Müsabiqə şərtini ödəyən və ikinci mərhələdə iştirak etmək hüququ qazanan bakalavrlar mayın 15-dən 22-dək proqram seçimi edəcəklər. Magistraturaya qəbul imtahanının II mərhələsi isə iyunun 4-də keçiriləcək.
Gülnar Fazilqızı
- Baxış: 680