• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1740
— 10.04.2017 14:03

Yol qəzalarında 2 nəfər həyatını itirib, 5 nəfər yaralanıb

KepezTV Player

Onlar da yola çıxıb mənzil başına çatmaq istəyirdilər. Ancaq sən saydığını say, gör fələk nə sayır. Yol qəzalarından xəbər verəcəyik. Ölkənin müxtəlif şəhər və rayonlarında qeydə alınan qəzalarda 2 nəfər həyatını itirib, 5 nəfər yaralanıb. 

Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası qeydə alınıb. Hadisə rayonun qərb tərəfindən girişində baş verib.“Opel” markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən, 51 yaşlı Tofiq Həsənovu vurub. Sürücü piyadanı Tovuz rayon Mərkəzi Xəstəxanasına aparıb. Ancaq onun yolda keçindiyi məlum olub.

Digər piyadavurma hadisəsi Astara rayonunun Giləkəran kəndində qeydə alınıb. Kənd sakini, 35 yaşlı İlkin Sultanovu yolu keçmək istəyərkən avtomobil vurub.Yaralı dərhal sürücü tərəfindən Astara Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib. Həmin rayonda qeydə alınan daha bir qəzada isə xəsarət alan azyaşlıdır. Belə ki,  Səməd Vurğun küçəsi, 34/57 ünvanında yaşayan 9 yaşlı Allahverdi Rzazadəni evlərinin yaxınlığında maşın vurub. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qapalı kəllə-beyin travması və sağ aşağı baldır sümüyünün sınığı diaqnozu qoyulan uşaq ilkin tibbi müdaxilədən sonra reanimasiya şöbəsinə yerləşdirilib. 
Bakı-Qazax magistralının Goranboy rayonundan keçən hissəsində, Borsunlu kəndi ərazisində Gəncə-Yevlax marşrutu üzrə sərnişin daşıyan mikroavtobus qəzaya uğrayıb.  Eyni istiqamətdə hərəkət edən Göygöl rayon sakini Namiq İmanova məxsus "Mercedes E- klas" markalı avtomobillə, Gəncə şəhər sakini Vüqar Bayramovun idarə etdiyi "Mercedes-Sprinter" markalı mikroavtobus toqquşub. İlkin ehtimala görə, qəza sürücülərdən birinin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verib. Toqquşma nəticəsində "Mercedes-Sprinter" yoldan çıxaraq aşıb. Sürücü və sərnişinlər - 57 yaşlı Nəcibə Şirinova, 43 yaşlı Reyhan Qasımova və 60 yaşlı Məhruzə Tağıyeva xəsarət alıb. Yaralılar dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Sürücü Vüqar Bayramova sol-yuxarı ətrafın əzilmiş-sıyrılmış yaraları, qapalı kəllə beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Bakıdakı xəstəxanalardan birinə aparılıb. 60 yaşlı Məhruzə Tağıyevanın müalicəsi davam etdirilir.
Bütün faktlarla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı