• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2029
— 05.04.2017 14:43

Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə kyokuşinkaykan karate üzrə turnir keçirilib

KepezTV Player

Yarış rayonun müdafiəsi zamanı şəhid olan Vətən oğullarının xatirəsinə həsr olunub.

Rengokaikan Kontakt Karate do İdman Klubu ilə birgə təşkil edilən turnirin açılış mərasimində gənc nəslə Kəlbəcərin işğalından söz açılıb. Azərbaycanın ən dilbər güşələrindən biri olan rayonun mənfur düşmənlərimiz tərəfindən işğalı zamanı ermənilərin mülki əhaliyə qarşı həyata keçirdiyi vəhşiliklərdən bəhs edilib. Yerli əhalinin min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salındığı diqqətə çatdırılıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Rəsmi hissədən sonra yarışa start verilib. Yarışda müxtəlif yaş qrupları və çəki dərəcələri üzrə 100-ə yaxın idmançı mükafatlar uğrunda mübarizə aparıb. Turnirdə oğlanlarla yanaşı, qızlar da qüvvəsini sınayıb. Tatami üzərində Kəlbəcər, Gəncə, Göygöl və Bakı təmsilçiləri bacarığını nümayiş etdirib.

Musa Məmmədov- Kəlbəcər rayon Gənclər və İdman İdarəsinin rəisi: “Torpaqları işğal altında olan rayonların gəncləri daha çevik, güclü olmalıdırlar. Ona görə ki, bugünki idmançılarımız gələcəyin əsgərləridir. Sabah onlar səngərlərdə igid əsgər kimi dayanacaqlar. Torpaqlarımız işğal altındadır, bunun üçün biz güclü, cəsarətli, həm də siyasi cəhətdən yetkin olmalıyıq. Çünki hər bir sahədə düşmənə qalib gəlməliyik”.

Yarışın yekunlarına əsasən, oğlanlar arasında Kəlbəcər rayonundan Natiq Rəhimov və Mehram Abdullayev, Gəncədən Turan Qasımov, Bakıdan İsgəndər İsgəndərov və Uğur Şirzəliyev turnirin qalibi olub. Göygöl karateçilərindən İman Vəliyev, Əli İmanov, Rəvan Əsgərov, Ayxan Məmmədov, Elbəyi Zülfüqarlı, Rauf Hüseynov, Ayxan Hacızadə, Musa Süleymanov, Nəsiman Tağızadə, Ülfət Vəliyev və Rəhman Qasımov bütün döyüşlərini qələbə ilə başa vurub. Bir çəkidə keçirilən zəriflərin yarışında Bakı idmançısı Səidə Fərzəliyeva 1-ci,  paytaxtın digər təmsilçisi Sənubər Muradova 2-ci,  kəlcəbərli Kəmalə Quluyeva isə 3-cü yeri tutub. Yarışın mükafatlandırma mərasimi keçirilib. Fəxri yerlərdə qərarlaşan idmançılara medal və diplom təqdim olunub.

Azad Rəfi