Ötən ilin aprel ayında cəbhədə erməni təxribatı nəticəsində yaranan gərginlik nəticəsində şəhid olan Nurlan Qasımov doğulub boya-başa çatdığı Şəmkir rayonunun Tatarlı kəndində yad edilib. Anım mərasiminə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, eləcə də Şəmkir rayon İcra Hakimiyyətinin rəsmiləri, şəhidin əsgər yoldaşları və rayon sakinləri qatılıb. 19 yaşlı əsgərin düşmənə göstərdiyi layiqli müqavimət, cəbhədə baş verən hadisələrə ordunun çevik reaksiyası, hərbçilərin qəhrəmanlığı yüksək qiymətləndirilib. Nurlan Qasımov kimi qəhrəmanların sayəsində işğal altındakı torpaqların azad ediləcəyinə əminlik ifadə edilib. Şəhidin valideynləri və yaxınları "Vətən sağ olsun!" deyərək hərbi xidmətdə olan bütün əsgərlərə qələbə zəfəri arzulayıblar.
Cəmil Qasımov- şəhidin atası: “Vətən sağ olsun. Hamımızın borcumuzdur, vətən uğrunda şəhid olmaq. Allah bütün şəhidlərimizə rəhmət etsin. Biz Ali Baş Komandanımızın arxasında sıx birləşmişik. Azərbaycan ordusu daim qələbəyə layiqdir. İnanıram ki, qələbə çalınacaq”.
Natiq Hüseyn
- Baxış: 438